Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abutalıb Səmədov: Ermənistan NATO-ya yaxınlaşdığını açıq şəkildə deməyib
Abutalıb Səmədov: Ermənistan NATO-ya yaxınlaşdığını açıq şəkildə deməyib

Mariya Zaxarova Ermənistanın Rusiya ilə bağlı açıqlamalarında ziddiyyətli mövqe sərgilədiyini və bu siyasətin real addımlarla üst-üstə düşmədiyini bildirib. O, Ermənistanın NATO ilə yaxınlaşmasının Moskva üçün narahatlıq doğurduğunu qeyd edib və bu tendensiyanı regiondakı geosiyasi dəyişikliklərin tərkib hissəsi kimi qiymətləndirib. Zaxarova həmçinin Qərbin Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq cəhdlərindən danışaraq, Moskvanın regiondan çıxmaq niyyətində olmadığını vurğulayıb.

  • Ermənistanın eyni anda həm Rusiya ilə əməkdaşlığı saxlamaq, həm də Qərb və NATO ilə yaxınlaşmaq siyasəti uzunmüddətli perspektivdə nə qədər davamlı ola bilər?

Siyasi ekspert Abutalıb Səmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan, əslinə qalsa, NATO-ya yaxınlaşmaq barədə heç bir bəyanat vermir və Rusiyanın Ermənistanın NATO-ya yaxınlaşdığını iddia etmək üçün heç bir əsası yoxdur. Sadəcə olaraq, Ermənistan Avropa İttifaqına yaxınlaşmaq və onun üzvü olmaq istəyir. Avropa İttifaqının üzvlərinin böyük əksəriyyətinin NATO üzvü olduğunu nəzərə alsaq, Avropa İttifaqına yaxınlaşmağı NATO-ya yaxınlaşmaq kimi də yozmaq olar və Rusiyada bu cür davranır.

Ancaq Ermənistan, Ukraynadan və Gürcüstandan fərqli olaraq, NATO-ya yaxınlaşmaqla bağlı indiyə qədər heç bir bəyanat verməyib və elə bil bu istəyini də heç vaxt nümayiş etdirməyib.

“Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir və qalacağını deyir. Normal dövlətlər kimi fəaliyyət göstərib Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlıq etmək istəyirsə, buna heç kim etiraz etməz. Ancaq onların daxili işlərinə qarışıb onlara yol göstərmək siyasəti bundan sonra təbii ki, davam edə bilməz. Rusiya gec də olsa, bunu anlamalıdır.

Ermənistan hələlik həm Avropa İttifaqı ilə yaxınlaşma xəttini davam etdirmək istəyir, həm də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığını qorumaq istəyir. Yəni birliyin üzvü olaraq qalmaq istəyir və bunu açıq şəkildə ifadə edir: “Nə qədər mümkünsə, biz bu siyasəti davam etdirmək istəyirik. Əgər bu iki qurumun tələbləri arasında ziddiyyət yaransa, onda biz erməni xalqı olaraq seçim edəcəyik.” Ancaq hələ ki, bu siyasəti davam etdirmək mümkündür”, – deyə siyasi şərhçi vurğulayıb ki, Rusiya bunu qəbul etmir və Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərə təzyiq göstərərək Ermənistanın referendum keçirməsini tələb edib. Yaxın vaxtlarda Ermənistan da açıq şəkildə bildirib ki, hələ tezdir. Məqam yetişəndə, təbii ki, referendum da keçiriləcək.

Abutalıb Səmədovun fikrincə, Ermənistanın Avropa İttifaqına daxil olmaq və onun üzvü olmaq istəyi dönməzdir. Artıq qanun da qəbul olunub və yaxın zamanlarda müzakirələr başlayacaq.

“Rusiya əlindən gələni edir ki, Ermənistanı bu yoldan döndərsin və seçkilərdə Rusiya yönümlü qüvvələr qalib gəlsin. Ancaq rəy sorğuları göstərir ki, Paşinyanın qalib gəlmək şansı kifayət qədər yüksəkdir və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma, Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltma siyasəti bundan sonra da davam edəcək”-deyən ekspertin fikrincə, bu, Azərbaycanın da maraqlarına cavab verir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »