Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olsa da, enerji mənbələrini şaxələndirmək və uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək məqsədilə yaşıl enerjiyə böyük sərmayələr yatırır.
- Neft və qaz ehtiyatları fonunda Azərbaycanın yaşıl enerjiyə böyük sərmayə yatırmasının əsas səbəbləri nədir?
Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan enerji keçidini dəstəkləyən ölkələrdəndir. Baxmayaraq ki, Azərbaycan hazırda dünyanın 16 ölkəsinə təbii qaz nəql edir, onlardan 12-si Avropa İttifaqı ölkələridir və yalnız son illərdə Azərbaycan Avropa İttifaqına 57 milyard kubmetrdən artıq mavi qaz ixrac edib.
Amma bütün bunlar kontekstində Azərbaycan, eyni zamanda, yaşıl enerjiyə ən çox sərmayə cəlb edən ölkələrdən biridir. “Yalnız son illərdə alternativ mənbələrdən enerji istehsalına Azərbaycan bir milyard dollardan artıq sərmayə qoyuluşu həyata keçirib.
Onların əhəmiyyətli hissəsi xarici investisiyalardır”.
Deputatın fikrincə, bütün bunlar ondan xəbər verir ki, enerji keçidi Azərbaycanın enerji strategiyasında əsas istiqamətlərdən biridir. Bu istiqamət növbəti dövrlərdə də, təbii ki, dəstəklənəcək.
“Yaşıl enerji həm də müasir dövrün əsas çağırışlarındandır. Yaşıl enerjinin istehlakda payının artırılması da əsas hədəflərdəndir. Çünki 2030-cu ilədək Azərbaycan ümumi enerji istehlakında yaşıl enerjinin payını 35 faizə çatdırmaq niyyətindədir”, – deyən deputat bildirib ki, bütün bunlarla yanaşı, artıq 2028-ci ildən etibarən Azərbaycan yaşıl enerjini ixrac etmək niyyətindədir. Bu baxımdan, yeni enerji strategiyasına uyğun olaraq Azərbaycan yalnız ənənəvi enerji məhsullarını deyil, eyni zamanda innovativ və yaşıl enerjini də dünya bazarına çıxarmaq imkanına malik olacaq.
İradə Cəlil, Bizimyol.info






