Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələri Böyük Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında Rusiyadan gələn və beynəlxalq sanksiyalar altında olan bir neft tankerini saxlayıb.
Bizimyol.info xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində paylaşım edərək yazıb.
“Dünən səhər Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalara məruz qalan növbəti neft tankerini – "Tagor"u saxlayıb. Əməliyyat Atlantik okeanında, açıq dənizdə bir sıra tərəfdaşların, o cümlədən Böyük Britaniyanın dəstəyi ilə və dəniz hüququnun tələblərinə tam uyğun şəkildə həyata keçirilib”, - deyə Fransa prezidenti qeyd edib.
Gəmi hərəkətlərini izləyən "VesselFinder" xidmətinin məlumatına görə, "Tagor" neft tankeri Madaqaskar bayrağı altında üzüb. Bildirilir ki, gəmi sonuncu dəfə may ayının əvvəlində Murmansk limanına daxil olub.
Xatırladaq ki, martın 20-də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərb hissəsində Mozambik bayrağı altında üzən və Murmanskdan hərəkət edən "Deyna" neft tankerinə qarşı da əməliyyat keçirmişdi. Emmanuel Makron həmin vaxt bu gəminin Rusiyanın “kölgə donanması”na aid olduğunu iddia etmişdi.
Lakin aprelin 16-da Aralıq dənizi Dəniz Prefekturasının mətbuat xidməti açıqlamışdı ki, cərimə ödənildikdən sonra Fransa hakimiyyəti "Deyna" tankerinə qoyulmuş həbs qərarını ləğv edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha əvvəl bəyan edib ki, Moskva Avropa İttifaqının dəniz məkanında həyata keçirdiyini iddia etdiyi qanunsuz hərəkətlərə qarşı gəmiçilik azadlığı prinsipinin qorunması üçün bütün mövcud vasitələrdən istifadə edəcək.
Qadir, Bizimyol.info






