Yaponiya Müdafiə Nazirliyi NATO-nun Ukraynaya göstərdiyi hərbi yardım və təlim proqramları ilə tanış olmaq məqsədilə dörd hərbçisini Almaniyaya ezam edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya hərbi qurumuna istinadən məlumat yayıb.
Məlumata görə, ezam olunan zabitlər quru qoşunları, hərbi dəniz qüvvələri və hava qüvvələrini təmsil edirlər. Onlar Almaniyadakı hərbi bazada fəaliyyət göstərəcək, lakin birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcəklər.
Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın müdafiə naziri Sindziro Koizumi bildirib ki, Ukrayna ərazisində tətbiq olunan yeni müharibə metodlarının öyrənilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, müasir münaqişələrdə istifadə olunan taktika və texnologiyaların təhlili Yaponiya Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına kömək edə bilər.
Xatırladaq ki, 2025-ci ilin fevralında Yaponiya hökuməti Tokionun NATO-nun Ukraynaya dəstək məqsədilə yaratdığı PURL proqramına qoşulacağı barədə yayılan xəbərləri təkzib etmişdi. Həmin proqram ABŞ istehsalı olan hərbi avadanlığın alınaraq Kiyevə göndərilməsini nəzərdə tutur.
Bununla belə, rəsmi Tokio Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlayıb. Yaponiya əsasən Ukrayna iqtisadiyyatının bərpasına yardım göstərir, həmçinin qeyri-döyüş təyinatlı avadanlıq və texniki vasitələrin təmin olunmasına dəstək verir.
Bizimyol.info






