Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bitki yağlarının istehsalı qurulacaqmı?
Azərbaycanda bitki yağlarının istehsalı qurulacaqmı?

2026-2030-cu illərdə Azərbaycanda bitki yağlarının istehsalı klasterinin formalaşdırılmasının təşviqi nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır.

  • Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.

    Azərbaycanda bitki yağları üzrə yerli istehsalın artırılması idxaldan asılılığı azalda bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, asılılıq o zaman aşağı düşər ki, xammalı ölkəmizdə yetişdirmək sərfəli olsun: “Bitki yağları dedikdə əsasən günəbaxan, qarğıdalı və palma yağı nəzərdə tutulur. Azərbaycanda mövcud olan bir neçə yağ emalı müəssisəsi var, o cümlədən “Azərsun” və digər zavodlar. Zavodların tikilməsi bitki yağlarına idxalı azaltmayacaq.

Azərbaycanda iqlim və kənd təsərrüfatı imkan vermir ki, günəbaxan və qarğıdalı tarlaları effektiv yetişdirilə. O zaman asılılıq aşağı düşər ki, xammalı ölkəmizdə yetişdirmək sərfəli olsun və yetişdirə bilək. Ona görə də zavodlar əsasən xaricdən gətirilən xammalı qəbul edib emal edəcəklər. Yəni xammal sisternlə, çənlə xaricdən alınacaq, ölkədə isə sadəcə yığılma, emal və qablaşdırma prosesi baş verəcək. Dəyər zəncirinin müəyyən hissəsi ölkə daxilində formalaşacaq. Amma bu daha çox qablaşdırma və satışla bağlı hissədir - bu da az iş deyil. Lakin fikirləşməyək ki, zavod tikildi və bitki yağlarına asılılığımız azalacaq. Xeyr”.

Xalid Kərimli həmçinin əlavə edib: “Tutaq ki, hazır qablarda gələn yağların bir hissəsi yerli zavodlarda sadəcə qablaşdırılaraq satışa çıxarılır. Burada da müəyyən dəyər yaradılır - qablaşdırma, çatdırılma, marketinq və digər mərhələlər dəyər zəncirinə daxildir. Amma buna baxmayaraq, yenə də biz yağdan asılı olaraq qalacağıq. Çünki bizim təbiət, iqlim və torpaq ehtiyatlarımız qarğıdalı, günəbaxan və ya palma kimi bitkilərin geniş və səmərəli şəkildə yetişdirilməsinə imkan vermir. Bu baxımdan istehsalın genişləndirilməsi də effektiv olmur. Məsələn, Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrində məhsuldarlıq daha yüksəkdir. Eyni vəziyyəti buğda sahəsində də görürük. Dünən keçirilən tədbirdə də qeyd olundu ki, bu sahədə nə qədər subsidiya verirlər, min oyuna girirlər, yenə də asılılığı azaltmaq mümkün olmur. Çünki burada əsas faktor torpaq, günəş və iqlimin uyğun olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »