ABŞ dolları İranla mümkün razılaşma ehtimalına dair xəbərlərin yayılmasından sonra dünya bazarlarında kəskin şəkildə dəyər itirib.
Bizimyol.info xəbər verir ki, dollar indeksi əsas valyutalar səbətinə nisbətən təxminən 99 səviyyəsinə düşüb. Avro təxminən 1,163 dollar səviyyəsinə yüksəlib, Yapon yenisi dollar qarşısında 158,95 səviyyəsinə qədər möhkəmlənib, Avstraliya dolları isə həftəlik maksimumlara yaxın səviyyədə qalır.
Bazarlar Tehran, Doha və Vaşinqton arasında aparılan diplomatik təmaslara, həmçinin ABŞ Prezidenti Donald Trumpın danışıqların “yaxşı irəlilədiyi” barədə açıqlamalarına reaksiya verib. Bu xəbərin yayılmasından sonra iri investisiya fondları son aylarda İran ətrafındakı gərginlik və neft təchizatına risklər səbəbindən “təhlükəsiz aktiv” kimi güclənən dollar mövqelərinə yenidən baxmağa başlayıblar.
Dollar üzərində əlavə təzyiq neft qiymətlərinin kəskin enişi ilə də güclənib. Mümkün razılaşma xəbərlərindən sonra neft təxminən 7% ucuzlaşıb, çünki treyderlər Hörmüz boğazının açılması və İran neft ixracına qoyulan bəzi məhdudiyyətlərin tədricən yumşaldılmasını qiymətlərə daxil edirlər.
"Saxo Bank"ın Sinqapur üzrə baş investisiya strateqi Çaru Çanana "Reuters"ə bildirib ki, bazarlar hazırda enerji böhranı, qlobal inflyasiya və dünya iqtisadiyyatının zəifləməsi risklərinin azalmasına reaksiya verir.
“Hörmüz boğazının açılmasına aparan yolun özü belə neft bazarı və dünya iqtisadiyyatı üçün ekstremal riskləri azaldır və bu amillər əvvəllər dolları dəstəkləyirdi”, - deyə o bildirib.
Bununla belə, Çanana xəbərdarlıq edib ki, hazırda daha çox real və dayanıqlı razılaşmadan çox diplomatik optimizm mövcuddur. Əsas sınağın isə neft tankerlarının Hörmüz boğazı vasitəsilə sərbəst hərəkətinin real şəkildə bərpası olacağı bildirilir.
"IG Group" analitiki Toni Saykamor da hesab edir ki, müsbət gözləntilərin bir hissəsi artıq bazar qiymətlərinə daxil edilib. Onun fikrincə, “şayiə ilə al, faktla sat” ssenarisi işə düşə bilər: əvvəl dollar kütləvi satılır, daha sonra konkret nəticələr ortaya çıxdıqda qismən geri alışlar baş verir.
Bu fonda İsrail şekeli də möhkəmlənməkdə davam edir. ABŞ dollarının İsraildə məzənnəsi təxminən 2,88 şekel səviyyəsinə enib.
Bununla belə, bəzi ekspertlər hesab edir ki, dollar uzunmüddətli perspektivdə sabitliyini qoruyacaq. "Oversea-Chinese Banking Corporation" (OCBC) analitikləri ABŞ iqtisadiyyatının sabit artım göstərdiyini, yüksək inflyasiya və Federal Ehtiyat Sisteminin siyasətinin dolların investisiya cazibəsini qoruduğunu bildirirlər.
Onların qiymətləndirməsinə görə, neft qiymətləri azalmağa davam etsə belə, ABŞ iqtisadi göstəriciləri güclü qaldığı və faiz dərəcələri yüksək olduğu üçün dolların mövqelərinin sürətlə zəifləməsi gözlənilmir.
Qadir, Bizimyol.info






