Qurban bayramı İslam dünyasında ən qədim və ən mühüm dini bayramlardan biri hesab olunur və onun tarixi Hz. İbrahim (ə.s) dövrünə gedib çıxır.
Qurani-Kərimdə Saffat surəsində təsvir olunan hadisəyə görə, Hz. İbrahim Allaha olan itaətini nümayiş etdirmək üçün oğlu Hz. İsmayılı qurban etməyə hazır olur. Lakin Allah onların səmimiyyətini qəbul edərək bu imtahanı bir qoçla əvəz edir və qurban ibadətinin əsas mahiyyətini formalaşdırır. Bu hadisə qurbanın yalnız bir mərasim deyil, təslimiyyət, iman və mənəvi dəyər daşıyan bir ibadət olduğunu göstərir.
Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Allah yolunda qurban kəsmək insanın mənəvi cəhətdən yüksəlməsinə səbəb olan mühüm ibadətlərdən biridir. Onun sözlərinə görə, xüsusilə imkanı olan şəxslərin qurban kəsib ətini ehtiyacı olanlara paylaması həm sosial həmrəyliyi gücləndirir, həm də insanlarda mənəvi rahatlıq və daxili məmnunluq yaradır. O qeyd edib ki, bu proses zamanı insanlar həm ehtiyacı olanların sevincinə səbəb olur, həm onların xeyir-duasını alır, həm də Allahın razılığına yaxınlaşmış olurlar.
Əkrəm Həsənovun fikrincə, Qurban bayramı İslamın ən böyük ibadətlərindən biri olmaqla yanaşı, yalnız heyvan kəsmək mərasimi deyil, daha dərin mənəvi məna daşıyan bir ibadətdir. O vurğulayıb ki, bu ibadətin əsas mahiyyəti insanın Allaha bağlılığı, paylaşmaq duyğusu, nəfsə qalib gəlməsi və cəmiyyət içində mərhəmət hissinin güclənməsidir. Onun sözlərinə görə, bəzi insanlar qurbanı sadəcə ət paylama mərasimi kimi başa düşsələr də, Qurani-Kərim bu məsələnin mahiyyətini açıq şəkildə izah edir.
İlahiyyatçı qeyd edib ki, Allah-Təala Qurani-Kərimdə “Onların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan yalnız sizin təqvanızdır” (əl-Həcc, 37) buyurur və bu ayə qurbanın əsas mahiyyətinin niyyətdə və ixlasda olduğunu göstərir. O əlavə edib ki, qurban ibadətinin tarixi Hz. İbrahim (ə.s) və Hz. İsmayıl (ə.s) hadisəsinə gedib çıxır və burada əsas mesaj Allahın insan qanı istəməməsi, əksinə itaət və təslimiyyət tələb etməsidir.
Əkrəm Həsənov vurğulayıb ki, Quranda “Rəbbin üçün namaz qıl və qurban kəs” (əl-Kövsər, 2) və “Mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür” (əl-Ənam, 162) ayələri qurbanın təkcə maddi əməl deyil, bütöv bir həyat fəlsəfəsi olduğunu göstərir. Onun sözlərinə görə, Peyğəmbər Məhəmməd (s.ə.s) qurban ibadətinə böyük önəm verərək özü qurban kəsmiş, eyni zamanda heyvana əziyyət verilməməsini, mərhəmət və ədalət prinsiplərinə riayət olunmasını tövsiyə etmişdir.
Kimlər qurban kəsə bilər sualına gəlincə isə, ilahiyyatçı bildirib ki, islam alimlərinin böyük əksəriyyətinə görə ağıllı, həddi büluğa çatmış, əsas ehtiyaclarından əlavə maddi imkanı olan müsəlmanın qurban kəsməsi vacib və ya vacibə yaxın güclü sünnə hesab edilir. Borc içində olan, ailəsini dolandıra bilməyən, kredit götürərək yaşayan insanın özünü məcbur edib qurban kəsməsi doğru yanaşma deyil. Çünki İslam insanı çətinliyə salan din deyil. Allah Quranda “Allah sizin üçün çətinlik istəməz” buyurur. Bu məsələ ilə bağlı mən əvvəlki açıqlamalarımda da bildirmişəm ki, bəzi insanlar sosial təzyiq səbəbilə özünü borca salaraq qurban kəsməyə çalışırlar. Halbuki Allah insana gücünün çatmadığını yükləmir. Qurban ibadəti nümayiş üçün deyil.
“İslam fiqhində əsasən qoyun, keçi, inək, camış və dəvə qurban olaraq qəbul edilir. Qoyun və keçi bir nəfər üçün, inək və dəvə isə yeddi nəfərə qədər ortaq şəkildə kəsilə bilər. Heyvan sağlam olmalıdır. Kor, ciddi xəstə, çox arıq, ayağı şikəst heyvanların qurban olması düzgün sayılmır. Bu məsələdə məqsəd Allah yolunda ən yaxşısını təqdim etməkdir. Quranda da insanların pis və dəyərsiz şeyləri sədəqə verməsinin doğru olmadığı bildirilir”-deyə ilahiyyatçı bildirib.
İradə Cəlil, Bizimyol.info






