Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində kömür mədənində partlayış: azı 90 nəfər həlak olub
Çində kömür mədənində partlayış: azı 90 nəfər həlak olub

Çinin şimalındakı Şansi vilayətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 90 nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, dövlət mediasının yaydığı məlumata görə, bu hadisə son illərdə ölkədə baş verən ən çox ölümlə nəticələnən mədən qəzalarından biri hesab olunur.

Hadisə cümə günü axşam saatlarında Çançji şəhərində yerləşən Lyuşenyu kömür mədənində qeydə alınıb. Həmin vaxt mədəndə ümumilikdə 247 işçinin çalışdığı bildirilib.

Qəza nəticəsində 120-dən çox insan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, doqquz şaxtaçının taleyi hələ də naməlum olaraq qalır. Dövlət televiziyası CCTV-nin məlumatına görə, yaralananların əksəriyyəti zəhərli qazdan zərər görüb.

Hazırda partlayışın səbəbləri araşdırılır. Hadisə yerində yüzlərlə xilasedici və tibb işçisi axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Çin Prezidenti Si Cinpinq itkin düşən şəxslərin xilas olunması üçün bütün imkanların səfərbər edilməsinə göstəriş verib. O, həmçinin qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərin hərtərəfli araşdırılması və məsul şəxslərin qanun çərçivəsində cavabdeh olacağını vurğulayıb.

Daha sonra xəbər verib ki, hadisə ilə əlaqədar məsul şəxslər nəzarət altına alınıb.

Qəzanın baş verdiyi mədən illik 1,2 milyon ton istehsal gücünə malik “Shanxi Tongzhou Coal & Coke Group” şirkəti tərəfindən idarə olunur. Çin Milli Mədən Təhlükəsizliyi Administrasiyası 2024-cü ildə yüksək qaz tərkibinə görə bu mədəni “təhlükəli mədənlər” siyahısına daxil etmişdi.

Xatırladaq ki, 2023-cü ilin fevralında Çinin Daxili Monqolustan bölgəsində açıq mədəndə baş verən uçqun nəticəsində 53 nəfər ölmüşdü. 2009-cu ilin noyabrında isə Heylunszyan vilayətindəki mədən partlayışında 108 nəfər həyatını itirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »