WUF13 çərçivəsində tətbiq olunan innovativ təşkilati yanaşmalar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı arasında imzalanan Niyyət Məktubu Bakı standartlarının gələcək forumlarda istifadə olunmasını nəzərdə tutur. Bu, Azərbaycanın artıq beynəlxalq tədbirlərin təşkili üzrə nümunəvi model formalaşdırdığını göstərir. Bakı standartları gələcək qlobal tədbirlər üçün yeni meyar yarada bilərmi?
Milli Məclisin deputatı Musa Quliyev Bizimyol.info xəbər portalına açıqlamsında bildirib ki, WUF13-ün Azərbaycanda yüksək səviyyədə keçirilməsi birinci növbədə Azərbaycan dövlətinin və İlham Əliyev tərəfindən əldə olunan uğurların beynəlxalq səviyyədə təsdiqi olmaqla yanaşı, Azərbaycanın yüksək beynəlxalq imicini bir daha nümayiş etdirir. Burada aparılan müzakirələr, qəbul edilən qərarlar və imzalanan sənədlər artıq tarixə “Bakı sənədləri” kimi daxil olacaqdır. Azərbaycan hökuməti ilə UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı ) arasında imzalanan sənədlərin və qəbul olunan Bakı təşəbbüslərinin də böyük əhəmiyyəti vardır.
Deputat vurğulayıb ki, Dünya Şəhərsalma Proqramı ilə Azərbaycan arasında imzalanan sənəd bütün dünya dövlətləri üçün nümunəvi iş sənədi kimi qəbul olunacaq və uzun illər bu sənədə istinad ediləcək.
“Bu sənəd müasir dünyanın məskunlaşma siyasətinin ən son trendlərini və tələbatlarını özündə əks etdirir və üç mühüm prinsipə söykənir.
Birinci prinsip iqlim dəyişikliklərinə adekvat və yaşıl dünya prinsiplərinə uyğun məskunlaşma siyasətinin həyata keçirilməsidir. Yəni evlərin, şəhərlərin, kəndlərin və məhəllələrin elə qurulması vacibdir ki, onlar iqlim dəyişikliklərinin yaratdığı təhdidlərə cavab versin və karbon emissiyasının azaldılmasına öz töhfəsini versin. Bunun ən gözəl nümunəsi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdir. Orada qurulan sosial infrastruktur, yaşayış evləri və digər sosial obyektlər müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə inşa edilir. Xüsusilə Ağalı kəndindən başlayan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri artıq Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət almışdır”-deputat bildirib ki, Məskunlaşma proqramı ilə Azərbaycan hökuməti arasında imzalanan sənədin ikinci mühüm istiqaməti hər kəs üçün əlçatan olan evlərin, mənzillərin və yaşayış məhəllələrinin tikilməsidir.
“Bu gün dünyada insanların təxminən 70 faizi ya mənzil çatışmazlığından əziyyət çəkir, ya da uyğun olmayan şəraitdə yaşayır. Bu baxımdan sosial evlərin tikilməsi, ipoteka şərtlərinin yumşaldılması və evsiz insanlara dəstək proqramlarının həyata keçirilməsi olduqca vacib hesab olunur”-deyən deputat bildirib ki, yeni salınan şəhərlərin və infrastruktur layihələrinin insan yönümlü olması da həmin sənəddə mühüm yer tutan üçüncü istiqamətdir.
Deputatın fikrincə, şəhərlər və məhəllələr elə qurulmalıdır ki, insanlar üçün vacib olan əsas infrastruktur obyektləri əlçatan məsafədə yerləşsin, ən azı 15 dəqiqəlik piyada məsafəsində olsun. Bununla yanaşı, qurulan şəhərlər insanların sağlamlığına uyğun olmalı, onların sosial rifahına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.
“Demək olar ki, WUF13 dünya şəhərsalma təcrübəsində böyük yenilikləri ilə yadda qaldı. Əldə olunan nailiyyətlərin uzun illər bəşəriyyətin mənzil probleminin həllinə, şəhərsalma siyasətinə, iqlim dəyişikliklərinə qarşı mübarizəyə və yaşıl enerji strategiyasına mühüm töhfə verəcəyi gözlənilir” –deyə Musa Quliyev bidirib.
İradə Cəlil, Bizimyol.info






