Bu yaxınlarda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin “Cümhuriyyət” qəzetinə müsahibə verib. Müsahibədə səfir “Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?” sualına cavab olaraq rəsmi Bakının Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində iştirak etdiyini bildirib.
O, həmçinin qeyd edib ki, iki ölkə arasındakı sərhəd 7 iyun Ermənistan seçkilərindən və konstitusiya dəyişiklikləri prosesinin başa çatmasından sonra açıla bilər. Bu açıqlama Türkiyədə bəzi dairələri narahat edib və məsələ müxtəlif şəkildə şərh olunmağa başlayıb.
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) prezidenti Mehmet Gökhan Özçubukçu Bizimyol.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun açıqlamaları yalnız Türkiyə-Ermənistan sərhədinin açılıb-açılmaması ilə bağlı diplomatik qiymətləndirmə kimi oxunmamalıdır. Çünki bu açıqlamalar 2020-ci il Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi nizamın hansı istiqamətdə formalaşdığını göstərmək baxımından çox önəmlidir.
Onun sözlərinə görə, bu gün regiondakı inkişaflar artıq yalnız ikitərəfli münasibətlər səviyyəsində qiymətləndirilə bilməz. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur dəhlizi, Rusiyanın bölgədəki təsiri, İranın bölgəyə yanaşması və Qərbin Cənubi Qafqaz siyasəti bir-biri ilə birbaşa əlaqəli çoxqatlı strateji sistem formalaşdırır.
Ekspert qeyd edib ki, Azərbaycanın bu proseslərlə bağlı fikir bildirməsi təəccüblü deyil, əksinə mövcud geosiyasi reallığın təbii nəticəsidir. Onun sözlərinə görə, səfir Məmmədovun “sərhəd seçkilərdən və konstitusiya dəyişikliklərindən sonra açıla bilər” fikri Azərbaycanın normallaşma prosesində yalnız siyasi deyil, həm də hüquqi və təhlükəsizlik təminatları axtardığını göstərir.
O bildirib ki, Bakı uzun müddətdir Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü sual altına alan müddəalara diqqət çəkir. Azərbaycanın mövqeyi təkcə mövcud diplomatik münasibətlər deyil, həm də gələcəkdə yeni revizionist yanaşmaların qarşısını almaq üçün hüquqi baza formalaşdırmaqdır. Buna görə də Bakı sülh müqaviləsini sadəcə siyasi sənəd kimi deyil, hüquqi təminat kimi dəyərləndirir.
DASAM prezidentinin fikrincə, Türkiyədə bəzi dairələrin bu açıqlamalardan narahat olmasının əsas səbəbi Ankara-Bakı münasibətlərinin Cənubi Qafqaz siyasətində artan çəkisi ilə bağlıdır. Sosial şəbəkələrdə səsləndirilən bəzi fikirlər isə reallığı əks etdirmir. Xüsusilə “Türkiyə artıq müstəqil xarici siyasət apara bilmir?” kimi yanaşmalar və “bir millət, bir dövlət” ifadəsinin yanlış şərhləri bu kontekstdə ortaya çıxır.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər artıq klassik dövlətlərarası müttəfiqlik modelindən çıxaraq strateji inteqrasiya mərhələsinə keçib. Bu isə suverenliyin itirilməsi deyil, əksinə daha dərin koordinasiyanın göstəricisidir.
Ekspert qeyd edib ki, 2020-ci il Qarabağ qələbəsindən sonra Şuşa Bəyannaməsi iki ölkə arasında müdafiə, enerji, nəqliyyat, diplomatiya və regional koordinasiya sahələrində əməkdaşlığı daha da gücləndirib. Buna görə də Türkiyənin Cənubi Qafqaz siyasətini Azərbaycansız, Azərbaycanın regional strategiyasını isə Türkiyəsiz düşünmək mümkün deyil.
Onun fikrincə, Türkiyə-Ermənistan sərhədinin açılması təkcə ikitərəfli məsələ deyil, həm də regional nəqliyyat dəhlizlərinə, enerji təhlükəsizliyinə və ümumi geosiyasi balanslara təsir edən strateji prosesdir. Xüsusilə Zəngəzur dəhlizi kontekstində Ankara-Bakı koordinasiyası vacib rol oynayır.
Ekspert əlavə edib ki, Naxçıvanla birbaşa əlaqə Azərbaycan üçün həyati əhəmiyyət daşıyır, Orta Asiya ilə quru bağlantısı isə Türkiyə üçün strateji prioritetdir. Buna görə də bu proseslərin uzlaşdırılması qaçılmazdır.
Sonda o qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri artıq emosional qardaşlıq mərhələsindən çıxaraq ortaq təhlükəsizlik, enerji strategiyası və regional vizyon üzərində qurulan real geosiyasi tərəfdaşlığa çevrilib və bu, regionda güc balansını müəyyən edən əsas faktorlardan biridir.
İradə Cəlil, Bizimyol.info






