“Ali təhsil almaq istəyən gənc birinci cəhddə universitetə qəbul olmasa belə, ikinci və ya üçüncü dəfə hazırlaşaraq məqsədinə çata bilər. Belə olan halda o, artıq daha şüurlu şəkildə istədiyi fakültəni və ixtisası seçəcək. Sadəcə əsgərliyə getməmək və ya çağırış müddətini uzatmaq üçün təsadüfi ixtisas seçmək məcburiyyətində qalmayacaq. Eyni zamanda bir çox gəncdə “əsgərlikdən qayıdandan sonra biliklərimi bərpa edə bilmərəm” narahatlığı da aradan qalxar. Bunlar cəmiyyətin içində gördüyümüz, hər kəsin bildiyi məsələlərdir”.
Bu fikirləri Bizimyol.info xəbər portalına ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov səsləndirib.
O qeyd edib ki, əsas müzakirə mövzusu xidmət müddətinin azaldılması deyil, çağırış yaşının artırılması olmalıdır. Ekspertin fikrincə, yaş həddi yüksəldikdə gənclərin həm həyata, həm də hərbi peşəyə adaptasiyası daha uğurlu olur.
“Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Hazırda mövzu müxtəlif səviyyələrdə müzakirə olunur, risklər və təsirlər həm aidiyyəti qurumlar, həm də müdafiə və təhlükəsizlik strukturları tərəfindən təhlil edilir. Gələcəkdə çağırış yaşının artırılması məsələsinin gündəmə gəlməsi istisna deyil. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə də çağırış yaşı 18-dən yuxarıdır”, – deyə ekspert bildirib.
Şair Ramaldanov hesab edir ki, bu barədə ciddi düşünməyə ehtiyac var.
Ekspert vurğulayıb ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü orduları sırasında dayanıqlı yer tutur. Onun sözlərinə görə, ordumuz gündən-günə inkişaf edir, peşəkarlıq səviyyəsi artır və müasir prinsiplər əsasında formalaşdırılır.
“Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Ordumuz artıq inkişaf etmiş ordular sırasında tanınır. Xalqın və cəmiyyətin orduya olan hörməti, sevgisi və inamı da təsadüfi deyil. Bu etimad ordumuzun qazandığı uğurlar nəticəsində formalaşıb”, – deyə o qeyd edib.
Polkovnik bildirib ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir və dövlət ordunun daha da müasirləşməsi, peşəkar heyətin artırılması istiqamətində zəruri addımlar atır.
“Gələcəkdə peşəkar hərbçilərin sayının artırılması ilə bağlı yeni qərarların qəbul olunması da mümkündür”, – deyə Şair Ramaldanov əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, xidmət müddəti məsələsində əsas meyar zərurət olmalıdır.
O vurğulayıb ki, əsgər həyatı insanın xarakterini formalaşdırır, ona məsuliyyət və nizam-intizam qazandırır. Əsgərlik müəyyən mənada insanın şəxsiyyət kimi formalaşmasına da təsir edir. Eyni zamanda gələcəkdə səfərbərlik zamanı lazım olacaq bacarıqların qazanılması baxımından da xidmət müddəti mühüm əhəmiyyət daşıyır.
Şair Ramaldanov hesab edir ki, hazırkı mərhələdə əsas diqqət xidmət müddətinin azaldılmasına deyil, çağırış yaşının artırılması məsələsinə yönəldilməlidir:
“Hərbi xidmət və çağırış sistemi daim müzakirə olunan mövzulardır və zaman keçdikcə, mövcud şəraitə uyğun olaraq dəyişə bilər. Amma burada əsas məsələ Azərbaycanın müdafiə və təhlükəsizlik maraqlarının qorunmasıdır”.
İradə Cəlil, Bizimyol.info






