Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar niyə zorakılığa meyillidir?
Uşaqlar niyə zorakılığa meyillidir?

Uşaqlarda aqressiv hərəkətlər – bacı-qardaşına və ya başqa uşaqlara şiddət göstərmək, davaya girmək, vurmaq, qışqırıb bağırmaq getdikcə daha çox müşahidə olunur.

Son dövrlərdə məktəblərdə baş verən hadisələr buna bariz nümunədir. Təəssüf ki, bəzi uşaqlar bunu “qəhrəmanlıq” kimi göstərərək, hətta telefon kamerasına çəkirlər. Problemə görə təkcə məktəb məsuliyyət daşımalı deyil. Zorbalığın kökləri çox vaxt ailədən gələn davranış nümunələrindədir.

Uşaq sanki öz gücünü başqa insanlara sübut etmək istəyir. Əgər evdə kifayət qədər diqqət görmürsə və ya ailədə aqressiya normal qəbul edilirsə, o zaman bu davranışı cəmiyyətdə təkrar edir.

Təbii ki, uşaq özünü müdafiə etməlidir, amma qarşı tərəfə zərər vermək əvəzinə söz gücünü istifadə etməyi öyrənməlidir. Əks halda, fiziki gücə üstünlük verən uşaq və ailənin bunu təsdiqləməsi gələcəkdə ciddi problemlərə, hətta cinayətkar davranışlara yol aça bilər.

Aqressiyanın qarşısını almaq üçün uşaqlara sevgi, qayğı və düzgün davranış nümunələri göstərmək vacibdir.

Psixoloqlar bildirirlər ki, zorakılığa meylin əsas səbəblərindən biri uşağın evdə gördüyü davranış modelləridir. Uşaq valideynlərin aqressiv davranışlara icazə verdiyini görürsə, fikirləşir ki, təhqir və ya təzyiq qarşısında fiziki güc tətbiq etmək normaldır. Həmçinin ananın hamilə vaxtı və uşaq doğulduqdan sonra bir il ərzində yaşadığı neqativ hadisələr də bir çox hallarda uşaqlarda aqressiya kimi kodlana bilir.

Ailələrin və ətrafın tətbiq etdiyi qorxu və təzyiq metodları da uşaqlarda aqressivliyə səbəb olur. Qorxu ilə böyüyən uşaqlar zorakılığa meyilli olur, hisslərini ifadə etməyə imkan verilməyən, xüsusən, oğlan uşaqları şiddətə yönələ bilər. İntiqam hissi ilə böyüyən və alçaldılaraq tərbiyə olunan uşaqlar da aqressiv davranışlar nümayiş etdirir.

Belə davranışlar təkcə fərdi problem deyil, eyni zamanda cəmiyyətin düşüncə tərzi və davranış nümunələri ilə də bağlıdır. Özgüvəni az, aqressiv bir mühit uşaqların zorakılığa meyilli böyüməsinə səbəb olur. Bu səbəbdən uşaqların aqressivliyinin qarşısını almaq üçün cəmiyyət olaraq hər birimiz daha diqqətli və nümunəvi olmalıyıq.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »