Azərbaycanda apreldən etibarən müşahidə olunan intensiv və fasiləsiz yağışlar ölkənin bir sıra bölgələrində gündəlik həyatı pozmaqla yanaşı, kənd təsərrüfatı sektoruna da ciddi təsir göstərməyə başlayıb. Nəticədə bəzi ərazilərdə subasma, torpaq sürüşməsi və əkin sahələrinin zərər görməsi kimi fəsadlar qeydə alınıb.
- Azərbaycanda apreldən bəri yağan intensiv yağışların kənd təsərrüfatına nə kimi xeyri, ya ziyanı var?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yağış təbii ki, kəndlinin, fermerin büdcəsinə əlavə xərc yaradır: “İntensiv və normadan artıq yağan yağış kənd təsərrüfatında təklifi azaltmaqla yanaşı, idxalın artmasına da şərait yaradır. Eyni zamanda məhsulun keyfiyyətinə də təsirsiz ötüşmür. Məsələnin iqtisadi tərəfi ondan ibarətdir ki, normadan artıq yağan yağışın miqdarı müəyyən ərazilərdə məhsul yığımına təsir göstərir. Həm çala-çuxur yaranan əraziyə texnika daxil ola bilmir. Yeni işçiyə tələbat yaranır. Bu da, təbii ki, kəndlini (fermeri) əlavə xərcə salır.
Başqa bir məsələ isə budur ki, anormal hava şəraiti, normadan artıq yağan yağış torpaq və bitkidə müəyyən xəstəlik, xüsusi ilə də həddən artıq nəmişlik şəraitində göbələk xəstəliyi yaradır. Bunun üçün dərman vasitələrinə ehtiyac duyulur. Həmçinin yağan yağış əlverişsiz şəraitdə müəyyən əraziləri su altında qoyur bu da təbii ki daxili bazarda təklifi azaldıb qiymətə təsir göstərir. Bu kimi hallar məhsulun ixrac potensialına da təsir göstərir. Müəyyən meyvə çeşidləri xüsusi ilə gilas kimi məhsullar yağışdan sonra qurtlamağa başlayır”.
Günay Hüseynova: “Məsələnin müsbət tərəfinə qaldıqda isə susuz qalan, quruluqdan çatlamış, suyun yetəri qədər olmadığı torpaq yağış suyu hesabına bir növ dirçəlmiş olur”.
Günel Həsənova, Bizimyol.info






