ABŞ Fələstinin beynəlxalq qurumundakı daimi müşahidəçisi Riyad Mansuru Baş Assambleyanın vitse-prezidentliyinə namizədliyini geri götürməyə məcbur etmək üçün BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyib.
Bizimyol.info xəbər verir ki, bu batədə "Reuters" Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat verib.
Əldə edilən məlumata görə, çərşənbə günü ABŞ-ın Qüdsdəki səfirliyinin əməkdaşlarına Fələstinə Vaşinqtonun Mansurun BMT Baş Assambleyasının vitse-prezidenti olmaq niyyətinin "gərginliyi alovlandırdığına" və ABŞ prezidenti Donald Trampın Qəzza zolağı üçün sülh planını pozmaqla hədələdiyinə dair məlumat vermələri tələb olunan teleqram gəlib.
"Əgər Fələstin nümayəndə heyəti Baş Assambleyanın vitse-prezidentliyinə namizədini geri götürməsə, Fələstin Milli Hakimiyyətini məsuliyyətə cəlb edəcəyik", - deyə teleqramda qeyd edilib.
Eyni zamanda, ABŞ Fələstin nümayəndə heyətinin üzvlərinin vizalarını ləğv edə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Mansur əvvəlcə BMT Baş Assambleyasının sədri postuna namizədliyini geri götürmüşdü, lakin Vaşinqton narahatdır ki, vitse-prezident postuna seçilməsi belə Fələstin nümayəndəsinin bəzi iclaslarda sədrlik etməsinə səbəb ola bilər.
Aprelin sonunda Rusiya Daimi Nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ BMT-nin qərargahının yerləşdiyi ölkə statusundan sui-istifadə etməyə davam edir. Diplomatik nümayəndə, Rusiya nümayəndə heyətinin 48-ci sessiyasına qatılmaq üçün vaxtında müraciət etməsinə baxmayaraq, giriş vizasının verilmədiyini qeyd edib. Nebenzya ümidvar olduğunu bildirib ki, BMT Katibliyi bu siyasətin dayandırılması üçün arbitraj prosedurlarını işə salmaqla bütün lazımi tədbirləri görəcək.
Qadir, Bizimyol.info






