Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin nümayəndəsi Məryəm Qoqocişvili Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bizimyol.info-ya bildirib ki, forum yeni əlaqələrin qurulması, təcrübə və ideya mübadiləsi üçün mühüm platformadır.
Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlər yalnız Gürcüstan üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır.
Məryəm Qoqocişvili qeyd edib ki, agentliyin fəaliyyəti əsasən şəhərsalma və məkan inkişafı planlarının hazırlanmasına yönəlib. Dayanıqlı şəhərlərin qurulması, düzgün planlaşdırma və urbanizasiya proseslərinin idarə olunması qurumun əsas prioritetləri sırasındadır.
O bildirib ki, forum çərçivəsində Gürcüstan yeni layihələrini və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslərini təqdim edib. Qoqocişvilinin sözlərinə görə, layihələrdən biri Gürcüstanın Milli Memarlıq Bələdçisidir. Bu təşəbbüs gələcək memarlıq layihələri üçün vahid standartların və istiqamətlərin formalaşdırılmasını nəzərdə tutur. Məqsəd yeni layihələrin daha planlı, estetik və dayanıqlı şəkildə inkişaf etdirilməsidir.
Məryəm Qoqocişvili vurğulayıb ki, belə platformalar digər ölkələrlə fikir və təcrübə mübadiləsi aparmaq, həmçinin əməkdaşlığı gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Leyla Mirzə, Bizimyol.info






