“WUF13 həqiqətən çox uğurlu təşkil olunub. Burada böyük əmək var”.
Bu fikirləri Bizimyol.info-ya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyə nümayəndəsi, Məkan Strategiyaları üzrə Şöbə Müdiri Pınar Zoral səsləndirib.
O bildirib ki, Türkiyə daha əvvəl də müxtəlif WUF tədbirlərində iştirak etsə də, Bakıdakı təşkilatçılıq xüsusi diqqət çəkib:
“Həm Habitat təşkilatına, həm də Azərbaycana və Bakıya təşəkkür edirik. Türkiyə bu foruma geniş nümayəndə heyəti ilə qatılıb və böyük sərgi sahəsi yaradıb”.
Pınar Zoralın sözlərinə görə, forum çərçivəsində Türkiyə əsasən 6 fevral 2023-cü il zəlzələlərindən sonra ölkədə həyata keçirilən şəhərsalma, mənzil tikintisi və yenidənqurma proseslərini beynəlxalq ictimaiyyətə təqdim edib.
O qeyd edib ki, tədbir çərçivəsində bu mövzularda müxtəlif yan tədbirlər də təşkil olunub və Türkiyə nümayəndə heyəti nazirdən texniki mütəxəssislərə qədər bütün səviyyələrdə forumda iştirak edir.
Türkiyə nümayəndəsi vurğulayıb ki, müasir dövrdə şəhərlərin yalnız böyüməsi deyil, həm də iqlim dəyişikliyi və zəlzələlərə davamlı olması əsas prioritetlərdəndir:
“Məkan planlaması, şəhər transformasiyası və əlçatan mənzil istehsalını çox vacib hesab edirik”.
Pınar Zoral həmçinin bildirib ki, Türkiyə bu ilin noyabr ayında COP31na Antalya şəhərində ev sahibliyi edəcək. Onun sözlərinə görə, “dayanıqlı şəhərlər” tədbirin əsas mövzularından biri olacaq.
Sonda o, bütün iştirakçıları Antalyada keçiriləcək COP31 tədbirinə dəvət edib.
Leyla Mirzə, Bizimyol.info






