Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.
Bizimyol.info Xəzər TV-yə istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, rayonda satış üçün əlverişli torpaq sahələrinin sayı çox deyil. Satışa çıxarılan torpaqların əksəriyyəti sakinlərin öz həyətyanı sahələrindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq ərazilərdir. Bildirilir ki, Lənkəranda torpaq almaq istəyənlər əsasən şəhərətrafı ərazilərə və rayon mərkəzinə yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaq sahələri isə dənizə yaxın ərazilərdə yerləşir.
Şəkidə də son illər torpaq sahələrinin qiymətləri artıb. Ekspertlər bunu infrastrukturun yaxşılaşdırılması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turist sayının artması ilə əlaqələndirirlər. Şəkidə ucuz torpaq sahələri şəhərin yeni salınan məhəllələrindədir. Həmin ərazilərə hələ də qaz çəkilməyib. "Dodu" və "Soyuq Bulaq" məhəllələrində isə torpaq bahadır; bu ərazilərdə turizm obyektləri çoxdur deyə, qiymət yüksəkdir.
- Bəs Azərbaycanın kənd rayonlarında - əyalətdə torpaq niyə bahalaşır?
İqtisadçı Rəşad Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, hər hansı ərazidə əlçatanlıq artırsa, nəqliyyat və kommunikasiya imkanları genişlənirsə bu, həmin bölgələrdə torpaq qiymətlərinin artmasına səbəb olur: “Torpaqların regionlarda qiymətini artıran müxtəlif faktorlar var. Bunlardan birincisi inflyasiyadır. İnflyasiya zamanı bütün mal və xidmətlərin qiymətində artım baş verir. Manat dəyərini itirir, mal və xidmətlər kimi torpaqların da qiymətində artım müşahidə olunur.
İkinci səbəb torpağın tükənən resurs olmasıdır və buna görə də torpağın qiyməti davamlı olaraq, bir çox hallarda başqa mal və xidmətlərə nisbətən daha sürətlə bahalaşır.
Üçüncü məsələ isə infrastrukturun inkişafı ilə əlaqədardır. Regionların sosial-iqtisadi proqramları çərçivəsində həyata keçirilən layihələr də buna təsir edir. Çünki hər hansı ərazidə əlçatanlıq artırsa, nəqliyyat və kommunikasiya imkanları genişlənirsə, sosial infrastruktur qurulursa, bu həmin bölgələrdə torpaq qiymətlərinin artmasına səbəb olur.
Təbii ki, burada ən həlledici məqam iqtisadi imkanların olması ilə bağlıdır”.
Rəşad Həsənov həmçinin vurğulayıb: “Regionlarda əsasən iqtisadi model kənd təsərrüfatı üzərində qurulub və kənd təsərrüfatının başqa sektorlarla müqayisədə rəqabət qabiliyyəti zəif idi, mənfəət norması aşağı idi. Bu səbəbdən insanlar uzun müddət paytaxta və onun ətrafına köçmək məcburiyyətində qalırdı. Lakin hazırda urbanizasiya, paytaxt və onun ətrafında nəzarətsiz və eyni zamanda sıx urbanizasiya miqrasiyası həmin bölgələrdə də həyat şəraitini əhəmiyyətli dərəcədə ağırlaşdırıb və insanlar artıq əvvəlki sürətlə bu bölgələrə gələ bilmirlər, yeni alternativlər isə öz təsirini göstərməyə başlayıb. Xüsusilə son illərdə kənd təsərrüfatı əsaslı iqtisadi modelin xidmət sektoru ilə əvəzlənməsi prosesi gedir. Müəyyən resursları olan bölgələrdə turizm, təbii ki, kənd təsərrüfatının qarşılaya bilmədiyi iqtisadi tələbi, məşğulluğu və sosial rifahı bu və ya başqa şəkildə əvəzləməyə başlayıb. Bu da öz növbəsində insanların həmin ərazilərə daha çox maraq göstərməsinə, o cümlədən biznesin həmin bölgələrə və torpaqlara daha çox diqqət ayırmasına gətirib çıxarır və nəticədə bu, bütövlükdə konyunktur qiymət artımını şərtləndirir”.
Günel Həsənova, Bizimyol.info






