Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Balkhisa Bashir Bizimyol.info-ya açıqlamasında Azərbaycanda gördüyü sosial layihələrdən və infrastruktur inkişafından dərin təsirləndiyini bildirib.
Barwaqa Relief Organizationın direktoru olan Balkhisa Bashir qeyd edib ki, təşkilat əsasən Şərqi Afrikada, xüsusilə Kenyada yerli və marginal icmalarla işləyir. O bildirib ki, forumda iştirak etmək və öz sessiyalarını keçirmək imkanı əldə etdiklərinə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Balkhisa Bashirin sözlərinə görə, forum başlamazdan əvvəl onlar müharibə nəticəsində məcburi köçkün olmuş şəxslər üçün yaradılmış yaşayış məntəqələrinə səfər ediblər.
O qeyd edib ki, burada gördükləri onu heyrətləndirib. “Evlər insanlara tamamilə pulsuz təqdim olunub. Mənzillər özünütəmin edən şəkildə qurulub. Hər evdə sanitar qovşağı, su təminatı, bağ sahəsi var. İnsanların yaxınlığında xəstəxanalar, məktəblər fəaliyyət göstərir. Uşaq bağçasından universitetə qədər təhsil pulsuzdur”, – deyə o bildirib.
Balkhisa Bashir vurğulayıb ki, məcburi köçkünlər üçün yaradılmış şərait yalnız yaşayışla məhdudlaşmır. Onun sözlərinə görə, burada insanlar üçün iş imkanları da yaradılıb və bütün xidmətlər inklüziv şəkildə təşkil olunub.
O qeyd edib ki, Azərbaycanda gördüyü model digər ölkələr üçün də nümunə ola bilər: “Dünyada bir çox ölkələr milyardlarla vəsaiti müharibələrə və dağıntılara xərcləyir. Amma burada insanların rifahı, yaşayışı və gələcəyi üçün investisiya qoyulduğunu gördüm. Bu, çox böyük bir mirasdır”, – deyə o əlavə edib.
Balkhisa Bashir bildirib ki, universitetlərdə gördüyü texnologiya və innovasiya imkanları da onu təsirləndirib.
O qeyd edib ki, tələbələrlə söhbət zamanı onların təhsil üçün heç bir ödəniş etmədiyini öyrənib. “Bu mənzərəni görəndə sevincdən ağladım. Çünki həyatımda ilk dəfə idi ki, bir dövlət rəhbərinin öz xalqı üçün bu qədər genişmiqyaslı sosial təminat yaratdığını görürdüm”, – deyə o bildirib. Sonda Balkhisa Bashir digər dünya liderlərini də Azərbaycana gələrək burada həyata keçirilən sosial layihələrlə tanış olmağa çağırıb.
Leyla Mirzə, Bizimyol.info






