Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçıları arasında yer alan Inigo Lujambio Toca tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, iki ildən sonra keçiriləcək WUF14 forumuna Mexico City ev sahibliyi edəcək və buna görə də şəhərin Bakıda təmsil olunması xüsusi önəm daşıyır.
Onun sözlərinə görə, forum çərçivəsində həm WUF14 barədə ilkin məlumatların paylaşılması, həm də gələcəkdə aparılacaq müzakirələrin istiqamətlərinin təqdim olunması əsas məqsədlərdəndir. Nümayəndə əlavə edib ki, belə böyük tədbirlərin təşkili sahəsində Azərbaycanın təcrübəsini öyrənmək də onlar üçün maraqlıdır.

Inigo Lujambio Toca qeyd edib ki, Mexico City iri beynəlxalq tədbirlərin keçirilməsi sahəsində kifayət qədər təcrübəyə malikdir. O vurğulayıb ki, şəhər Dünya Çempionatına üç dəfə ev sahibliyi edəcək yeganə şəhərdir və bu baxımdan həm Mexico City, həm də Bakı güclü turizm və infrastruktur imkanlarına sahibdir.
O hesab edir ki, Bakı ilə Mexico City arasında yalnız şəhərsalma və urbanizasiya sahəsində deyil, həm də beynəlxalq tədbirlərin təşkili istiqamətində faydalı əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur.
Leyla Mirzə, Bizimyol.info






