ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında vertolyot enmə meydançasının tikilməsi imkanını nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, meydançanın tikilməsi Cənub çəmənliyinə zərər gəlməsinin qarşısını almağa kömək edəcək, çünki prezident vertolyotla enərkən və ya uçarkən çəmənlik zədələnir. Bildirilir ki, prezidentin yeni vertolyotu "VH-92A Patriot", əvvəlki "VH-3D Sea King" modelindən xeyli güclü olduğundan, onun mühərrikləri və tüstü qazları çəmənliyi zədələyə və torpağı yandıra bilər. Bu vertolyot ABŞ liderinin səfərlərində 2024-cü ildən istifadə edilir, lakin hələ Cənub çəmənliyinə enməyib.
"VH-92A" vertolyotunun çəmənliyə təhlükəsiz enməsi üçün modifikasiya yollarının axtarışı uğursuzluqla nəticələndikdən sonra vertolyot meydançasının tikilməsi variantı nəzərdən keçirilir. Buna görə də əvvəlki model vertolyot planlaşdırılandan daha uzun müddət istifadə olunacaq və ən azı 2027-ci ilə qədər istismardan çıxarılmayacaq.
Hazırkı ABŞ Prezidenti prezident iqamətgahını öz zövqünə uyğun şəkildə yenidən qurmaqla fəal məşğuldur. O, Ağ Evin Şərq qanadında 200 milyon dollar dəyərində bal zalının tikilməsini təşəbbüs edib, Çəhrayı Bağdakı çəmənliyi biçdirib və həmin sahəyə rəqs üçün parket döşətməyi əmr edib, həmçinin bir sıra otaqların dekorasiyasını dəyişdirib.
Qadir, Bizimyol.info






