Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Banklar kredit verən deyil, investisiya tərəfdaşı olmalıdır”
İqtisadçı: “Banklar kredit verən deyil, investisiya tərəfdaşı olmalıdır”

Azərbaycan bank sektorunda kredit portfelinin artım sürəti ciddi şəkildə zəifləyib, halbuki banklarda 3,8 milyard manat həcmində izafi likvidlik var. Bu vəziyyət iqtisadi aktivliyin azalması, büdcə xərclərinin və ümumi iqtisadi daralmanın kredit tələbinə mənfi təsiri ilə izah olunur. Eyni zamanda, istehlak kreditləri daha çox artıb. Bu da bankların faiz gəlirlərini artırsa da, gələcəkdə problemli kredit riskini yüksəldə bilər.

  • Bu şəraitdə banklar kreditləşməni stimullaşdırmaq üçün daha çox hansı alətlərdən istifadə etməlidirlər?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırkı vəziyyət onu deməyə əsas verir ki, Azərbaycanda bank sektorunun əsas problemi likvidlik çatışmazlığı deyil. Əksinə, son illərdə keyfiyyətli kredit tələbinin zəifləməsi fonunda bank sistemində yüksək həcmdə sərbəst vəsaitin toplanması və kredit portfelinin zəif artımı iqtisadi aktivliklə maliyyə sektoru arasında əlaqənin zəiflədiyini göstərir. Belə bir mühitdə bankların əsas məqsədi yalnız kredit həcmini artırmaq deyil, daha dayanıqlı və effektiv kreditləşdirmə modelinə keçmək olmalıdır. Bu yanaşma dünya praktikasında da qəbul olunmuş əsas istiqamətlərdən biridir, lakin Azərbaycanda proses bir qədər fərqli istiqamətdə inkişaf edir.

“Hazırda biznes kreditləri müxtəlif əngəllər, qanunvericilik baryerləri, alıcının ödəmə qabiliyyəti və kredit tarixçəsi ilə bağlı problemlər səbəbindən məhdudlaşır. Nəticədə banklar bəzi hallarda daha çox istehlak kreditlərinə üstünlük verirlər. Eyni zamanda vətəndaşların maliyyə savadlılığında mövcud boşluqlar da bu tendensiyanı gücləndirir və istehlak kreditlərinin, xüsusilə gündəlik istehlaka yönəlmiş xərclərin artmasına səbəb olur. Bu isə iqtisadi baxımdan müəyyən paradokslar yaradır”-deyən iqtisadçı vurğulayıb ki, belə şəraitdə bank sektorunda təkmilləşdirmə işlərinin aparılması və real sektora yönəlmiş hədəfli kreditlərin genişləndirilməsi daha məqsədəuyğun görünür. İstehlak kreditləri qısamüddətli gəlir baxımından cəlbedici olsa da, iqtisadiyyat üçün ciddi multiplikativ effekt yaratmır. Buna görə də bankların sənaye, kənd təsərrüfatı, logistika, informasiya-kommunikasiya texnologiyaları və ixrac yönümlü sahələrin maliyyələşdirilməsinə üstünlük verməsi vacibdir. Bu, həm kredit portfelinin keyfiyyətini yaxşılaşdırar, həm də orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyi dəstəkləyə bilər.

Asif İbrahimov bildirib ki, hazırda bir çox banklar risklərin artması səbəbindən kredit şərtlərini sərtləşdirir, faizləri yüksəldir və daha ehtiyatlı yanaşma sərgiləyirlər. Bu isə bəzən həcmə deyil, keyfiyyətə yönəlmiş kredit modelinin formalaşmasına mane olur. Halbuki daha çevik və paylaşdırılmış risk mexanizmləri tətbiq edilərsə, daha dayanıqlı nəticələr əldə etmək mümkündür: “Məsələn, Türkiyə bankçılıq modelində olduğu kimi, bankların biznes layihələrinə yalnız kredit verən deyil, həm də tərəfdaş kimi çıxış etməsi investisiya yönümlü maliyyələşməni gücləndirə bilər”.

İqtisadçı bildirib ki, eyni zamanda Azərbaycanda təchizat zənciri maliyyələşməsi, faktorinq, invoys finans və vendor finans kimi alətlərin daha geniş tətbiqinə ehtiyac var. Bu mexanizmlər xüsusilə iri şirkətlərin təchizatçıları üçün riskin daha aşağı qiymətləndirilməsinə imkan yarada bilər. Kapital bazarına inteqrasiyanın gücləndirilməsi, korporativ istiqrazlar bazarının inkişafı və alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi bank sektorunun yükünü azalda bilər.

İqtisadçının fikrincə, banklar yalnız kredit verən struktur deyil, eyni zamanda investisiya vasitəçisi rolunu da daha aktiv şəkildə icra etməlidirlər.

“Hazırkı mərhələdə bank sektorunun çağırışı daha çox kredit vermək deyil, iqtisadi artım yaradan sahələrin maliyyələşdirilməsinə yönəlməkdir. Əks halda izafi likvidlik qısa müddətli istehlak kreditlərində toplanaraq uzunmüddətli iqtisadi dayanıqlılıq üçün risklər yarada bilər. Dünya praktikasında uğur qazanan modellər mövcuddur və əsas məsələ həmin modellərin yerli iqtisadi reallığa uyğunlaşdırılaraq tətbiq edilməsidir" - deyə Asif İbrahimov bildirib.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »