Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Le Pen şərti cəza verilsə belə prezidentliyə namizəd olacaq
Le Pen şərti cəza verilsə belə prezidentliyə namizəd olacaq

Fransanın sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, Apellyasiya Məhkəməsi ona parlament köməkçiləri işi üzrə şərti cəza versə belə, prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, o, RTL radiosunun efirində “əlbəttə ki, namizəd olacağam” deyə bildirib və əlavə edib ki, özünü müdafiə etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək.

Le Pen qeyd edib ki, əgər məhkəmə onun namizədliyini və seçki kampaniyası aparmasını əngəlləsə, o zaman seçkilərdə iştirak edə bilməyəcək.

Paris Apellyasiya Məhkəməsi Le Penin Avropa Parlamenti vəsaiti hesabına parlament köməkçilərinin saxta işə götürülməsi işi üzrə hökmə etdiyi şikayətlə bağlı qərarını iyulun 7-də açıqlayacaq.

Birinci instansiya məhkəməsi 31 mart 2025-ci ildə Le Peni bu iş üzrə dörd il azadlıqdan məhrum edib. Hökmdə nəzərdə tutulub ki, bunun iki ili ərzində o, elektron nəzarət qolbağı daşımalıdır, qalan iki il isə şərti cəza hesab olunur. Məhkəmə həmçinin onu beş il müddətinə seçkili vəzifə tutmaq və seçkilərdə iştirak etmək hüququndan məhrum edib.

Azadlıqdan məhrumetmə hökmündən fərqli olaraq, bu qadağa dərhal qüvvəyə minib və yalnız uğurlu apellyasiya halında ləğv edilə bilər. Qadağa onun Fransa Milli Assambleyasındakı deputat mandatına şamil olunmur, lakin Le Pen digər bütün seçkili vəzifələrini tərk etməlidir.

Fransada prezident seçkilərinin ilk turunun 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Dəqiq tarix hələ müəyyən edilməyib. Səsvermə hazırkı prezident Emmanuel Makronun səlahiyyət müddətinin başa çatacağı 13 may 2027-ci ildən 20-35 gün əvvəl keçirilməlidir.

Əgər ilk turda namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu qazana bilməsə, ən çox səs toplamış iki namizəd iki həftə sonra keçiriləcək ikinci turda mübarizə aparacaq. Konstitusiyada nəzərdə tutulan məhdudiyyətlərə görə, Makron ikinci prezidentlik müddəti başa çatdıqdan sonra yenidən namizəd ola bilməyəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »