Ümumdünya Şəhərsalma Forumu (WUF13) BMT-nin ən mühüm qlobal platformalarından biri kimi şəhərlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən beynəlxalq müzakirə mərkəzidir. Forum davamlı şəhər inkişafı, iqlim dəyişikliklərinə uyğunlaşma və müasir urbanizasiya modellərinin paylaşılması üçün dövlətləri, ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirir. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunu və şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfəni ön plana çıxarır.
Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumdünya Şəhərsalma Forumu (WUF13) miqyasına və iştirakçı sayına görə dünyada keçirilən ən böyük beynəlxalq platformalardan biri hesab olunur. Rəsmi səviyyəsinə görə COP tədbirindən sonra ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilən forum çərçivəsində Azərbaycana 35 mindən çox xarici nümayəndənin gələcəyi gözlənilir. Artıq 25 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun həm siyasi, həm iqtisadi, həm də beynəlxalq nüfuz baxımından nə qədər ciddi əhəmiyyət daşıdığını göstərir.
Deputatın sözlərinə görə, bu forum təkcə Bakının deyil, bütövlükdə Azərbaycanın beynəlxalq təqdimatı baxımından mühüm platformadır. Tədbirin əsas hissəsi paytaxt Bakıda keçirilsə də, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni şəhərsalma modelləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları da beynəlxalq auditoriyaya təqdim olunacaq. Bu baxımdan forum Azərbaycanın postmünaqişə dövründə tətbiq etdiyi yenidənqurma və inkişaf modelinin dünyaya nümayişi üçün xüsusi imkan yaradır.
“Forumun iqtisadi aspekti də kifayət qədər önəmlidir. Minlərlə xarici nümayəndənin Azərbaycana səfəri turizm, xidmət və biznes sektorunun canlanmasına ciddi təsir göstərəcək. Otellərdən nəqliyyata, xidmət sektorundan iaşə sahəsinə qədər bir çox istiqamətdə iqtisadi aktivliyin artacağı gözlənilir. Eyni zamanda, bu tədbir uzunmüddətli perspektivdə Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına və ölkəyə marağın artmasına töhfə verəcək” - deyən Vüqar Bayramov bildirib ki, WUF13 həm də xarici sərmayələrin cəlbi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın qeyri-neft sektorunda həyata keçirdiyi layihələrin, infrastruktur imkanlarının və logistika potensialının təqdim olunması yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri xarici investorların diqqət mərkəzində olacaq.
Deputat hesab edir ki, bu baxımdan WUF13 Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də yeni inkişaf və əməkdaşlıq platformasına çevrildiyini göstərən mühüm beynəlxalq hadisələrdən biri hesab olunur.
İradə Cəlil, Bizimyol.info






