Azərbaycan bu gün təkcə hərbi güc sahəsində deyil, eyni zamanda siyasi-diplomatik müstəvidə də sülh strategiyasını uğurla reallaşdıraraq regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdıran əsas aktora çevrilib. Bu yanaşmanın müəllifi kimi Prezident İlham Əliyevin adı xüsusi vurğulanır.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan həm hərbi-siyasi qüdrətini, həm də diplomatik imkanlarını effektiv şəkildə ortaya qoyaraq sülhün təmininə nail olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin: “Əgər Azərbaycan istəməsəydi, bölgədə sülh mümkün olmazdı” fikri strateji baxımdan xüsusi önəm daşıyır və regiondakı reallığı əks etdirir.
Deputat qeyd edib ki, müharibə dövründə irəli sürülən siyasi mövqe nəticəsində Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyatlara ehtiyac olmadan Azərbaycana qaytarılıb. Onun sözlərinə görə, bu fakt həm humanitar, həm də geosiyasi baxımdan mühüm nəticə kimi tarixə düşüb.
Rizvan Nəbiyev həmçinin vurğulayıb ki, Azərbaycan bütün hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi şəkildə əməl edib. Onun fikrincə, mülki əhalinin qorunması və hüquqi çərçivəyə sadiqlik Azərbaycanın prinsipial dövlət siyasətinin tərkib hissəsidir və bu yanaşma beynəlxalq səviyyədə də diqqətlə qiymətləndirilir.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar regionda yaranmış yeni siyasi balansın və sülh gündəliyinin təsdiqi kimi qəbul olunmalıdır. Onun sözlərinə görə, Şərqi Zəngəzurdan verilən bu bəyanatlar həm simvolik, həm də siyasi baxımdan yeni mərhələnin başlanğıcını göstərir.
Rizvan Nəbiyev qeyd edib ki, bəzi xarici dairələr Ermənistan üzərindən regiona təsir göstərməyə çalışsa da, Azərbaycan bu prosesdə sabitlik və əməkdaşlığın əsas təminatçısı kimi çıxış edir. Onun fikrincə, Ermənistan üçün sülh gündəliyinin qəbul edilməsi qaçılmaz reallıqdır və regionda formalaşan yeni düzən artıq dəyişməz xarakter alıb.
İradə Cəlil, Bizimyol.info






