Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diplomatik fiasko: Minsk qrupunun 30 illik nəticəsiz missiyası
Diplomatik fiasko: Minsk qrupunun 30 illik nəticəsiz missiyası

ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin həllindən daha çox nəticəsiz diplomatik səfərlərlə yadda qaldı. Həmsədrlər illərlə bölgəyə gəlib-getsələr də, işğal altındakı şəhərlərin dağıdılmasına, mədəni irsin məhv edilməsinə və Azərbaycanın sərvətlərinin talan olunmasına qarşı real mövqe nümayiş etdirmədilər.

Anji Kasprşik üçün isə bu missiya bir çox hallarda siyasi məsuliyyətdən çox rahat diplomatik fəaliyyət mühiti kimi görünürdü. Onlar “münaqişənin hərbi həlli yoxdur” deyərək Azərbaycanı faktiki olaraq təslimçi kompromisə razı salmağa çalışır, hətta reallıqdan uzaq və hüquqi əsası olmayan yanaşmalar ortaya qoyurdular. Halbuki həmin dövrdə qanunsuz məskunlaşma, qeyri-legitim tikintilər və işğal altındakı ərazilərdə aparılan dağıntılar beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi. Azərbaycan isə tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini özü həyata keçirdi və Minsk qrupunu diplomatik riyakarlığın, ikili standartların və nəticəsiz vasitəçiliyin simvolu kimi siyasi tarixin arxivinə göndərdi.

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə münaqişənin həlli missiyasını üzərinə götürsə də, faktiki olaraq prosesin sonsuz şəkildə uzadılmasına xidmət etdi.

Həmsədrlərin bölgəyə davamlı səfərləri real nəticə verməyən diplomatik turizmə çevrilmişdi: “ "Xüsusi nümayəndə" olan Anji Kasprşik isə fəaliyyəti dövründə daha çox status-kvonun qorunmasında maraqlı görünür, bu missiyanı yüksək imtiyaz və komfort mənbəyi kimi dəyərləndirirdi.

Minsk qrupunun əsas problemi beynəlxalq hüququ deyil, siyasi balansı qorumağa çalışması idi. Onlar daim “münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürərək Azərbaycanı faktiki işğalla barışmağa çağırırdılar. Halbuki BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxmasını tələb edirdi. Buna baxmayaraq, həmsədrlər işğal faktına adekvat siyasi və hüquqi münasibət göstərmədilər”.

Politoloq vurğulayıb ki, Azərbaycan torpaqlarında şəhərlərin dağıdılması, mədəni irsin məhv edilməsi, təbii sərvətlərin talanı, qanunsuz məskunlaşma və demoqrafik dəyişikliklər beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi. Lakin Minsk qrupu nə Ermənistana təzyiq göstərdi, nə də beynəlxalq hüququn icrası istiqamətində real addım atdı. Əksinə, “Şimali Qarabağ” kimi hüquqi əsası olmayan terminlərin dövriyyəyə buraxılması Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdi kimi qiymətləndirildi.

“2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə uzun illər kağız üzərində qalan BMT qətnamələrinin faktiki icrasını təmin etdi. Bununla da sübut olundu ki, beynəlxalq vasitəçilik mexanizmi problemi həll etmək iqtidarında olmayıb və status-kvonun saxlanmasına xidmət edib. Azərbaycan öz gücü ilə beynəlxalq hüququ bərpa etdi və Minsk qrupunun fəaliyyətsiz modelini tarixə çevirdi”-deyən politoloq vurğulayıb ki, bu gün ATƏT-in Minsk qrupu diplomatiya tarixində nəticəsiz vasitəçilik, ikili standartlar və siyasi riyakarlığın simvollarından biri kimi xatırlanır.

Politoloq hesab edir ki, münaqişənin həllində deyil, onun dondurulmasında maraqlı olan yanaşma nə regiona sülh gətirdi, nə də beynəlxalq vasitəçilik institutlarının nüfuzunu qorudu: “Bir sözlə ATƏT-in Minsk qrupu söyüd ağacı kimi prosesin həlli üzərinə kölgə saldı, amma meyvə vermədi”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »