“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Qəbələ rayonunda yerləşən yarımstansiyanın yenidən qurulması ilə bağlı iri həcmli tender elan edib.
Bizimyol.info xəbər verir ki, tender çərçivəsində mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya çevrilməklə yenidən qurulması işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 22 771 995 AZN təşkil edir.
- Layihənin məqsədi və Qəbələ üçün əhəmiyyəti varmı?
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Qəbələnin çox böyük potensialı var: “Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən biridir və gələcəkdə də belə olacaq. Orada hava limanının olması və gələcəkdə hava limanının daha effektiv istifadə olunması ilə bağlı planların hazırlanması ondan xəbər verir ki, Qəbələnin çox böyük potensialı var və bu potensialdan istifadə etmək üçün dayanıqlı və kəsintisiz enerji təminatı çox vacibdir.
Bu nöqteyi nəzərdən təbii ki, Qəbələnin yeni infrastrukturunun qurulmasına ehtiyac var. Orda həm dağ turizmi, həm yay turizmi, ümumiyyətlə istənilən mövsümdə turizm üçün açıq və cəlbedici bir bölgədir. Buna görə də, Qəbələnin elektrik enerjisi ilə təminatının kəsintisiz olması çox vacibdir”.
Günel Həsənova, Bizimyol.info






