ABŞ prezidenti Donald Trump bəyan edib ki, Ukrayna və Rusiya ABŞ-ın vasitəçiliyi ilə üç günlük atəşkəs və əsir mübadiləsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu addım müharibənin dayandırılması istiqamətində mühüm mərhələ ola bilər.
Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Tramp sosial şəbəkədə paylaşım edərək bildirib ki, müvəqqəti atəşkəs şənbədən bazar ertəsinə qədər qüvvədə olacaq və 2000 rusiyalı və ukraynalı hərbi əsirin mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.
ABŞ lideri ümid etdiyini bildirib ki, müvəqqəti atəşkəs planlaşdırılandan daha uzun sürəcək və nəticədə müharibənin tam başa çatmasına gətirib çıxaracaq. “Bu yaxşı olardı. Mən istəyirəm ki, bu müharibə dayansın”, — deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “İkinci Dünya müharibəsindən bəri ən böyük müharibənin dayandırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün hədəfə daha da yaxınlaşırıq”.
Tramp əlavə edib ki, atəşkəs təşəbbüsü məhz onun tərəfindən irəli sürülüb. Nəşr qeyd edir ki, bu açıqlama ABŞ prezidentinin müharibə prosesinə təsir imkanlarının hələ də qalmaqda olduğunu göstərir, baxmayaraq ki, o, hələlik daimi sülh razılaşmasına nail ola bilməyib.
Bu arada Rusiya tərəfi xəbərdarlıq edib ki, əgər Ukrayna Moskvada keçirilən parad zamanı hücum həyata keçirsə, Kiyevə qarşı “cavab xarakterli genişmiqyaslı raket zərbəsi” endiriləcək.
Bundan əvvəl Müharibənin Tədqiqi İnstitutu bildirib ki, Kremlin bu təhdidləri Rusiya prezidenti Vladimir Putinin Moskvanı və ölkənin dərin arxa bölgələrini Ukrayna zərbələrindən tam şəkildə qoruya bilmədiyini anladığını göstərir.
Qadir, Bizimyol.info






