Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın “yox”u: Ermənistan Rusiyanın orbitindən çıxır
Paşinyanın “yox”u: Ermənistan Rusiyanın orbitindən çıxır

Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək tədbirə qatılmamaq qərarını daxili siyasi proseslərlə izah etsə də, bu addım Vladimir Putinlə münasibətlər fonunda ciddi müzakirələrə səbəb olub.

Qərar Ermənistan–Rusiya münasibətlərinin hazırkı həssas mərhələsində əlavə siyasi siqnal kimi qiymətləndirilir. Bu addımın sadəcə seçki kampaniyası ilə bağlı olub-olmaması, yoxsa daha dərin siyasi səbəblər daşıması hazırda əsas mübahisə mövzularından biridir.

  • Bu qərar iki ölkə arasında münasibətlərin gələcək istiqamətinə necə təsir göstərə bilər?

Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan–Rusiya münasibətləri son bir ildə daha sürətlə pisləşib. Bu prosesin dərinləşməsində rol oynayan bir sıra hadisələr var. Xüsusilə Ermənistanın son bir ildə Avropa Birliyinə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etməsi təbii ki, Rusiyanı ciddi şəkildə narahat edib. Bundan başqa, Ermənistanda Rusiya yönümlü siyasətçilərə qarşı təzyiqlər də Moskvanın xoşuna gəlməyib. Ermənistan dəmir yollarının Rusiyanın nəzarət konsepsiyasından çıxarılaraq başqa bir ölkəyə verilməsi ilə bağlı dövlət səviyyəsində qaldırılan təşəbbüs də Rusiyanın qətiyyən xoşuna gəlmir.

Ən sonda isə bu günlərdə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə Rusiyanın düşmən hesab etdiyi şəxslərin dəvət olunması çox ciddi problem kimi qiymətləndirilir.

“Xüsusilə Emmanuel Macronun həmin siyasi sammitdə sözün həqiqi mənasında Rusiyaya meydan oxuması sadalanan faktlar arasında ön plana çıxır. O cümlədən Volodimir Zelenski kimi Rusiyanın nifrət etdiyi bir liderin — Moskvanın “terrorçu” adlandırdığı şəxsin — Ermənistandakı sammitə dəvət olunması və yüksək səviyyədə qarşılanması da Kremlin ciddi narahatlığına səbəb olub.

Nəhayət, Nikol Paşinyanın 9 May paradında iştirakdan nümayişkaranə şəkildə imtina etməsi aydın məsələdir ki, Moskvaya çox dərin mesajlar göndərir. Təbii ki, Moskva Paşinyanın verdiyi daxili siyasi izahlarla qətiyyən razılaşmaz. Çünki Kreml anlayır ki, Paşinyan artıq Moskvadan uzaqlaşmaq, Kremlin himayəsindən çıxmaq kursu götürüb və əsas hədəf hətta hərbi-iqtisadi baxımdan Moskva ilə bağlılığa son qoymaqdır. Bu baxımdan Paşinyanın Fransa və Böyük Britaniya ilə imzaladığı strateji tərəfdaşlıq sazişləri də Moskvanın narahatlığını ciddi şəkildə artırır”, — deyə politoloq bildirib ki, bu səbəbdən Paşinyanın paradda iştirak etməmək qərarı Moskva–İrəvan münasibətlərini daha da gərginləşdirəcək.

Politoloqun fikrincə, bu addımların seçki ərəfəsində atılması onu göstərir ki, Paşinyan seçkilər zamanı Moskvanın müəyyən pozucu oyunlar planlaşdırdığını düşünür və Moskva səfərindən imtina etməklə həmin oyunlara qarşı ciddi müqavimət göstərəcəyini nümayiş etdirir.

“Paşinyan Moskvaya getməkdən imtina etdisə, bu o deməkdir ki, 7 iyun seçkilərinin daha gərgin keçməsi üçün əlavə əsas yaranıb. Buna görə də Paşinyanın Moskva paradından imtinası Ermənistan–Rusiya münasibətlərində gərginliyi artıran ən ciddi hadisələrdən biri kimi qiymətləndirilməlidir. Bu hadisə baş veribsə, deməli, İrəvan–Moskva münasibətləri düzəlməsi çətin olan mənfi istiqamətə doğru irəliləyir”, — deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »