Emmanuel Makronun Ermənistan–Türkiyə sərhədindən keçərək Türkiyəyə səfər edəcəyi ilə bağlı iddialara Ankaradan cavab gəlib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi belə bir plan barədə hər hansı məlumatlarının olmadığını açıqlayıb. İddialara görə, Makronun Recep Tayyip Erdoğan ilə görüşmək üçün bu variantı nəzərdən keçirdiyi, lakin Azərbaycanla aparılan məsləhətləşmələrdən sonra bu ssenaridən imtina edildiyi bildirilib.
- Bu cür iddiaların gündəmə gəlməsi regional diplomatik balanslara necə təsir göstərə bilər?
Mehmet Gökhan ÖzçubukçuDiplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu cür iddiaların gündəmə gəlməsi əslində Cənubi Qafqazdakı diplomatik balansın nə qədər həssas, çoxqatlı və simvollar üzərindən formalaşan bir quruluşa malik olduğunu bir daha ortaya qoyur. Çünki Emmanuel Makronun Ermənistan–Türkiyə sərhədindən istifadə edərək Ankaraya keçəcəyi ilə bağlı ssenari sadəcə texniki səfər marşrutu deyil. Belə bir ehtimal regional aktorlar baxımından birbaşa siyasi və geosiyasi mesaj daşıyan simvolik diplomatik addım kimi qiymətləndirilir. Xüsusilə sərhədlərin, dəhlizlərin və tranzit keçid xətlərinin yalnız logistika deyil, eyni zamanda suverenlik, nüfuz və regional güc proyeksiyası mənası daşıdığı Cənubi Qafqaz kimi coğrafiyada liderlərin hansı marşrutlardan istifadə etməsi belə strateji məna yaradır. Bu səbəbdən ictimaiyyətə sızan bir səfər iddiası belə regional paytaxtlarda diqqətlə analiz edilir və diplomatik oxumaların bir hissəsinə çevrilir.
“Bu gün Cənubi Qafqaz yalnız Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət məhdud regional tənlik deyil. Region Türkiyə, Rusiya, İran, Avropa İttifaqı, Fransa, ABŞ və Çin kimi qlobal və regional aktorların maraqlarının kəsişdiyi məkana çevrilib. Xüsusilə Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi mənzərə Cənubi Qafqazı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, hərbi balans və böyük güclərin rəqabəti baxımından daha da kritik hala gətirib. Buna görə də Makronun mümkün səfər marşrutu ətrafında yaranan müzakirələr əslində bölgədəki güc mübarizəsinin nə qədər dərinləşdiyini göstərir”, – deyə ekspert bildirib.
Mehmet Gökhan Özçubukçu qeyd edib ki, Fransanın son illərdə Ermənistana verdiyi artan siyasi dəstək və xüsusilə Qarabağdan sonrakı dövrdə Azərbaycanla yaşadığı gərginliklər nəzərə alındıqda, Makronun Ermənistan üzərindən Türkiyəyə keçəcəyi ilə bağlı iddiaların Bakıda həssaslıq yaratması tamamilə anlaşılandır. Çünki Azərbaycan rəhbərliyi uzun müddətdir Fransanı bölgədə neytral aktor kimi deyil, Ermənistana daha açıq dəstək verən ölkə kimi qiymətləndirir. Xüsusilə Fransa Senatında qəbul edilən qərarlar, Paris rəhbərliyinin Ermənistana siyasi və hərbi dəstək açıqlamaları və Fransanın Avropa İttifaqı daxilində İrəvanın xeyrinə həyata keçirdiyi diplomatik təşəbbüslər Bakıda ciddi etimadsızlıq yaradıb. Bu səbəbdən Makronun Ermənistan üzərindən Türkiyəyə keçməsi ilə bağlı simvolik görüntü Azərbaycan ictimaiyyətində sadəcə diplomatik seçim deyil, Fransanın regional mövqeyini yenidən təsdiqləyən mesaj kimi qəbul edilə bilərdi.
“Başqa tərəfdən, hazırkı inkişaflara baxıldıqda Cənubi Qafqazdakı balansların artıq yalnız müharibə və sülh oxu üzərində formalaşmadığı görünür. Region artıq eyni zamanda dəhlizlər, bağlantı layihələri və geo-iqtisadi rəqabət sahəsinə çevrilib. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması, Çindən Avropaya uzanan ticarət yollarının yenidən formalaşması və Rusiya–Ukrayna müharibəsindən sonra alternativ nəqliyyat xətlərinə ehtiyacın yüksəlməsi Cənubi Qafqazı qlobal miqyasda daha strateji hala gətirib. Türkiyə, Azərbaycan və Orta Asiyanı birləşdirən tranzit sistemləri, enerji boru xətləri və logistika layihələri səbəbindən artıq Avropanın da yaxından izlədiyi geosiyasi məkan formalaşıb. Buna görə də Makronun səfər marşrutu ətrafında yaranan müzakirələr sadəcə diplomatik protokol məsələsi deyil, həm də yeni geo-iqtisadi düzəndə hansı aktorun daha çox söz sahibi olacağı ilə bağlıdır”, – deyə Mehmet Gökhan Özçubukçu bildirib.
Ekspertin fikrincə, Makronun Türkiyə səfəri ilə bağlı bu cür iddiaların gündəmə gəlməsi Fransanın Türkiyə ilə münasibətlərini yenidən balanslaşdırmaq istədiyinin də işarəsi ola bilər. Son illərdə Şərqi Aralıq dənizi, Liviya, NATO və Cənubi Qafqaz kimi mövzularda zaman-zaman qarşı-qarşıya gələn Ankara və Paris buna baxmayaraq tamamilə qopmuş münasibətlər yürütmür. Xüsusilə Avropa təhlükəsizliyi, enerji təminatı və regional böhranlar baxımından Türkiyənin strateji əhəmiyyəti Fransanı Ankara ilə əlaqə kanallarını açıq saxlamağa məcbur edir. Lakin Fransanın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasəti Türkiyə–Azərbaycan xətti ilə zaman-zaman ciddi fikir ayrılıqları yaradır. Buna görə də Makronun mümkün səfər marşrutu üzərindən yaranan müzakirələr əslində Ankara–Paris münasibətlərindəki daha dərin strateji fərqliliklərin də əksidir.
Eyni zamanda bu hadisə müasir beynəlxalq münasibətlərdə “simvolik diplomatiya”nın nə qədər önəmli hala gəldiyini də göstərir. Artıq yalnız liderlərin hansı ölkəni ziyarət etdiyi deyil, hansı sərhəd qapısından keçdiyi, hansı aktorla eyni kadra düşdüyü, hansı marşrutu seçdiyi kimi detallar da geosiyasi mesaj yaradır. Xüsusilə tarixi münaqişələrin, sərhəd problemlərinin və nüfuz mübarizələrinin sıx yaşandığı Cənubi Qafqaz kimi bölgələrdə simvollar son dərəcə diqqətlə oxunur. Bu səbəbdən reallaşmamış səfər ehtimalı belə günlərlə müzakirə edilə və müxtəlif paytaxtlarda strateji analizlərin mövzusuna çevrilə bilir.
“Makronun Ermənistan–Türkiyə sərhədindən istifadə edəcəyi ilə bağlı iddialar reallaşmasa belə, yaranan müzakirələr təkbaşına bölgədəki diplomatik həssaslıqları ortaya qoyur. Bu məsələ Türkiyə–Azərbaycan strateji koordinasiyası, Fransanın Cənubi Qafqazda rol axtarışı, Ermənistanın Qərblə münasibətləri, Rusiyanın bölgədəki mövqeyi, İranın təhlükəsizlik həssasiyyətləri və Avropanın enerji-geo-iqtisadi maraqları kimi çoxqatlı mövzuların kəsişmə nöqtəsində dayanır. Buna görə də burada müzakirə olunan məsələ sadəcə səfər marşrutu deyil, Qarabağdan sonrakı dövrdə Cənubi Qafqazda formalaşmaqda olan yeni güc memarlığının hansı aktorlar və hansı geosiyasi anlayış çərçivəsində qurulacağı ilə bağlı daha geniş rəqabətin əksidir”, – deyə Mehmet Gökhan Özçubukçu bildirib.
İradə Cəlil, Bizimyol.info






