Səbail rayonu, Abbasqulu Abbaszadə 17 ünvanında (“Badam” klinikasının yaxınlığında) hündürmərtəbəli binalar tikmiş şirkətə rəhbərlik edən Araz Abduləzimov 7 il əvvəl binanın inşası başlayanda vətəndaşdan mənzillərin pulunu alsa da, onu aldatmaqda ittiham olunur.
Bizimyol.info xəbər verir ki, Tahir Davralov 140 kvadrat metrlik 3 otaqlı və 238 kvadrat metrlik 4 otaqlı iki mənzil almaq üçün 2019-cu ildə həmin ünvanda binalar inşa edən “Azinko” şirkətinə müraciət edib. O, mənzillərin pulunu ödəyib və tikinti şirkətinin direktor Araz Abdüləzimovdan 182 min və 309 min manatın ödənilməsi barədə rəsmi kassa-mədaxil qəbzi alıb.
Üstündən 7 il keçməsinə və bina hazır olmasına baxmayaraq, Tahir Davralova mənzilləri təhvil verilmədiyindən o, məhkəməyə müraciət edib. 3 və 4 otaqlı iki mənzilinin ona təhvil verilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb. Onun sözlərinə görə, 3 ildir ki, binalar hazır olsa da, Araz Abdüləzimov müxtəlif bəhanələrlə evlərini ona təhvil vermir, pulu da geri qaytarılmır.
“MTK-nın sədri Araz Abdüləzimov dəfələrlə mənə bildirib ki, guya həmin mənzillər başqa şəxslərə satılıb, bu səbəbdən evlərin dərhal mənə təhvil verilməsi mümkün deyil. Məndən xahiş edib ki, məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət etməyim, məsələni öz aramızda həll edək. Ya pulumu qaytaracaq, ya başqa mənzillər verəcək. Lakin sonradan icra məmuru ilə birlikdə yerində baxış keçirəndə məlum oldu ki, deyilənlər yalandır. Hər iki mənzil boşdur, təmirsiz vəziyyətdədir. Yəni əslində, mənə verilməli mənzillər heç kimin istifadəsində deyil. Hətta 3 otaqlı mənzilin elektrik sayğacının MTK-nın sədri Araz Abdüləzimovun adına rəsmiləşdirildiyi məlum oldu. Bu fakt onu göstərir ki, mənə satdığı mənzili faktiki öz adına rəsmiləşdirib və üzərində sərəncam verməyə davam edib”, - deyə Tahir Davralov məhkəməyə şikayətində göstərib.
Məhkəmə onun iddiasının təmin olunması barədə qərar çıxarıb. Qərara əsasən, Qərara əsasən, qarşı tərəfin üzərinə 140 və 238 kvadrat metrlik 3 və 4 otaqlı iki mənzilin şikayətçiyə təhvil verilməsi öhdəliyi qoyulub.
Aytən, Bizimyol.info






