Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan–İtaliya münasibətləri: sözdən real strateji tərəfdaşlığa
Azərbaycan–İtaliya münasibətləri: sözdən real strateji tərəfdaşlığa

Georgia Meloninin Bakıya səfəri adi diplomatik protokol deyil, dəyişən güc balansının açıq göstəricisidir. Avropa artıq seçim edir və bu seçimdə Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır. Enerji, logistika və təhlükəsizlik məsələlərində Bakının rolu danışıqların mərkəzinə çevrilib. Bu reallıq isə bir daha göstərir ki, regionda oyunun qaydalarını müəyyən edən tərəf məhz Azərbaycandır.

Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan–İtaliya münasibətləri, demək olar ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən inkişaf edir. Bu, iki ölkə arasında əlaqələrin xarakterinin əsas göstəricilərindən biri kimi qəbul oluna bilər. Belə ki, müstəqilliyinin ilk illərindən etibarən Azərbaycan İtaliya ilə kifayət qədər isti siyasi münasibətlər və buna uyğun olaraq iqtisadi əlaqələr qurub və bu əlaqələr bütün müstəqillik dövründə davamlı şəkildə inkişaf edib. Təsadüfi deyil ki, Avropa ölkələri içərisində Azərbaycanın məhz İtaliya ilə xüsusilə sıx əlaqələri var və bu əlaqələr həyat fəaliyyətinin, demək olar ki, bütün istiqamətlərini əhatə edir.

Politoloq bildirib ki, Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biri məhz İtaliyadır. Azərbaycanın iqtisadi inkişafında İtaliya ilə əməkdaşlığın xüsusi rolu vardır. Bu gün Azərbaycan 25 milyard kubmetr təbii qaz xaricə ixrac edir ki, bunun da təxminən üçdə biri məhz İtaliya bazarına yönəldilir. Bu baxımdan İtaliya həm də Azərbaycan üçün Avropaya açılan əsas qapı rolunu oynayır. Yəni İtaliya bazarında nə qədər etibarlı və təsirli mövqe qazanırıqsa, bu, Avropa bazarında da bir o qədər güclü mövqeyə malik olduğumuzu göstərir.

Hər zaman müşahidə olunur ki, İtaliyada Azərbaycana xüsusi maraq var və bu ölkə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın coğrafi yerləşməsi də İtaliya üçün cəlbedici amillərdən biridir. Təbii ki, Azərbaycanın zəngin enerji ehtiyatları ilə yanaşı, unikal coğrafi mövqeyi də tərəflər arasında münasibətlərə ciddi təsir göstərir”, – deyə politoloq bildirib.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, İtaliya Azərbaycanı Rusiya ilə Avropa arasında bir körpü kimi də dəyərləndirir və Azərbaycanın malik olduğu nəqliyyat-logistika imkanları, inkişaf etmiş infrastrukturu bu istiqamətdə əməkdaşlığı genişləndirən əsas amillərdən biridir.

Politoloqun fikrincə, İtaliyanı Azərbaycan üçün vacib edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu ölkə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ən fəal iştirak edən dövlətlərdən biridir. Demək olar ki, bu sahədə aparıcı Avropa ölkəsidir. 2026-cı ilin məlumatına əsasən, Qarabağ və Şərqi Zəngəzur ərazilərində İtaliya şirkətləri 23 layihə həyata keçirib və hazırda da bu proses davam edir. Bu fakt Azərbaycan–İtaliya münasibətlərinin xarakterinə təsir edən çox vacib amillərdən biridir.

“Azərbaycanla İtaliya arasında əməkdaşlıq yalnız enerji sahəsini əhatə etmir. Nəqliyyat, logistika, humanitar sahələrdə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bütün bunları mümkün edən isə iki ölkə arasında formalaşmış etibarlı münasibətlərdir. Eyni zamanda Azərbaycan da İtaliya iqtisadiyyatına ciddi sərmayələr yatırır. Bu da onu göstərir ki, İtaliya iqtisadi mühiti Azərbaycan üçün də cəlbedicidir. 2025-ci ilin məlumatına görə, Azərbaycan İtaliya iqtisadiyyatına 125 milyon dollar sərmayə yatırıb ki, bu da əvvəlki illərlə müqayisədə artım tendensiyasını açıq şəkildə nümayiş etdirir”, – deyən Elşad Mirbəşiroğlu qeyd edib ki, İtaliya da öz növbəsində Azərbaycana sərmayə qoyuluşunu ildən-ilə artırır. Bu isə onu göstərir ki, İtaliya Azərbaycandakı biznes və sahibkarlıq mühitini yüksək qiymətləndirir və ona etibar edir. Bütün bunlar onu deməyə əsas verir ki, gələcək mərhələdə Azərbaycan–İtaliya əməkdaşlığının inkişaf perspektivləri kifayət qədər genişdir.

“Azərbaycan hazırda bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində də fəal siyasət yürüdür. Bu sahədə Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də məhz İtaliyadır. Gələcəkdə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycanın İtaliya üzərindən Avropa bazarlarına daha böyük həcmdə təbii qaz ixrac etməsi imkanları da müzakirə olunur. TAP-ın ötürücülük qabiliyyətinin genişləndirilməsi də ayrıca əməkdaşlıq istiqaməti kimi gündəmdədir.

Bütün bu faktlar Azərbaycan–İtaliya əlaqələrinin çox dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dinamikanın formalaşmasında biznes forumlarının da xüsusi rolu var. Məsələn, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı Romada biznes forumu keçirilmiş və iki ölkənin iş adamları arasında əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdu.

Eyni zamanda, İtaliyanın Baş naziri Georgia Meloninin mayın 4-də Bakıya səfəri zamanı səsləndirdiyi kimi, yaxın vaxtlarda Azərbaycan–İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır. Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da sürətlənməsinə ciddi töhfə verəcək”, – deyən Elşad Mirbəşiroğlu vurğulayıb ki, ənənəvi sahələrlə yanaşı, bank sektorunda əməkdaşlıq da tərəflər üçün maraqlıdır və aparılan müzakirələrdə bu istiqamətin də genişləndirilməsi aktuallığını qoruyur.

Politoloq hesab edir ki, Azərbaycanla İtaliya arasında həm siyasi, həm də iqtisadi münasibətlər kifayət qədər konstruktiv məcrada inkişaf edir. Tərəflər arasında qarşılıqlı anlayış iqtisadi əlaqələrin inkişafına ciddi təkan verir: “Georgia Meloninin mayın 4-də Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, İtaliya Cənubi Qafqazda əsas tərəfdaş ölkə kimi məhz Azərbaycanı görür”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »