Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt dövlət idarəçiliyinə daxil olur – Gözlənilən yeniliklər
Süni intellekt dövlət idarəçiliyinə daxil olur – Gözlənilən yeniliklər

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi və 2026–2028-ci illər üçün Fəaliyyət Planının icrası müzakirə edilib. İclasda rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər təqdim olunub. Bildirilib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, "mygov" platformasının imkanlarının genişləndirilməsi və dövlət informasiya sistemlərinin vahid rəqəmsal infrastruktura inteqrasiyası istiqamətində işlər davam etdirilir. Eyni zamanda, süni intellekt həllərinin dövlət idarəçiliyində tətbiqi, milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və innovasiya mühitinin inkişafı əsas prioritetlər kimi qeyd olunub. İclasda təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və rəqəmsal bacarıqların inkişafı istiqamətində görülən işlər barədə də məlumat verilib.

Rəqəmsal İnkişaf Şurasının iclasında ölkədə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, dövlət xidmətlərinin daha çevik və şəffaf platformalara köçürülməsi məsələləri müzakirə olunub. İclasda həmçinin süni intellekt, rəqəmsal idarəetmə və kibertəhlükəsizlik sahələrində yeni strategiyaların tətbiqi vacibliyi vurğulanıb.

  • Rəqəmsal transformasiya yalnız texnoloji yenilənmədir, yoxsa dövlət idarəçiliyinin mahiyyətini dəyişdirən sistemli bir dönüşüm?

İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rəqəmsal transformasiyanı yalnız yeni proqram təminatlarının alınması, elektron xidmətlərin yaradılması və ya kağız sənədlərin rəqəmsal formaya keçirilməsi kimi qiymətləndirmək doğru olmaz.

Əslində, rəqəmsal transformasiya dövlət idarəçiliyinin fəlsəfəsini dəyişdirən sistemli islahat prosesidir. Burada əsas məqsəd mövcud xidmətləri sadəcə elektron mühitə köçürmək deyil, dövlət idarəçiliyini daha çevik, məlumat əsaslı, şəffaf və vətəndaşyönümlü model əsasında yenidən qurmaqdır.

Ekspert vurğulayıb ki, ənənəvi idarəetmə modelində dövlət qurumları daha çox müstəqil fəaliyyət göstərir, məlumat mübadiləsi məhdud olur və vətəndaş eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etməli olur. Rəqəmsal transformasiya isə bu yanaşmanı dəyişdirərək dövlət qurumları arasında inteqrasiyanı gücləndirir, məlumat mübadiləsini avtomatlaşdırır və vətəndaşı prosesin mərkəzinə gətirir. Beləliklə, xidmətlər müraciət əsasında deyil, ehtiyac əsasında təqdim edilməyə başlayır. Buna "proaktiv dövlət xidməti" modeli deyilir.

Bəhruz Əliyevin sözlərinə görə, bu transformasiyanın ən mühüm elementlərindən biri dövlət məlumatlarının səmərəli idarə edilməsidir.

Fərqli qurumlarda toplanan məlumatlar vahid standartlar əsasında inteqrasiya olunduqda dövlət daha düzgün analitik qərarlar qəbul edə, resursları daha səmərəli planlaşdıra və vətəndaşlara fərdiləşdirilmiş xidmətlər göstərə bilir.

Süni intellekt və böyük verilənlərin (Big Data) analitikası da məhz bu mərhələdə real dəyər yaradır. Məlumatlar düzgün təşkil olunduqda süni intellekt riskləri əvvəlcədən müəyyən edə, idarəetmə qərarlarını dəstəkləyə və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilir.

Eksperthəmçinin bildirib ki, rəqəmsal transformasiya həm də dövlət idarəçiliyində qərar qəbuletmə mexanizmini dəyişir. Əgər əvvəllər qərarlar əsasən statistik hesabatlara və insan təcrübəsinə əsaslanırdısa, bu gün real vaxt rejimində toplanan məlumatlar və süni intellekt alqoritmləri dövlət qurumlarına daha çevik və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir. Bu yanaşma nəqliyyatın idarə olunmasından səhiyyəyə, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə daha effektiv idarəetməni təmin edir.

Bununla yanaşı, rəqəmsal transformasiya dövlət-vətəndaş münasibətlərini də dəyişdirir. Artıq vətəndaş müxtəlif qurumların ayrı-ayrı platformalarını axtarmaq əvəzinə, vahid rəqəmsal ekosistem üzərindən xidmət alır. Bu, həm vaxt itkisini azaldır, həm bürokratik maneələri minimuma endirir, həm də dövlət xidmətlərinin əlçatanlığını artırır. Eyni zamanda, rəqəmsal platformalar vasitəsilə xidmətlərin izlənilməsi və audit imkanları genişləndiyi üçün idarəetmədə şəffaflıq və hesabatlılıq da güclənir”- ekspert deyib.

Bəhruz Əliyev hesab edir ki, rəqəmsal transformasiyanın uğuru yalnız yeni texnologiyaların tətbiqindən asılı deyil. Bu proses güclü kibertəhlükəsizlik mexanizmləri, etibarlı rəqəmsal infrastruktur, müasir qanunvericilik, məlumatların qorunması, yüksək rəqəmsal savadlılıq və peşəkar insan kapitalı tələb edir. Əgər bu komponentlər paralel şəkildə inkişaf etdirilməzsə, rəqəmsallaşma gözlənilən nəticəni verməyə bilər: “Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının müzakirə etdiyi məsələlər təkcə texnoloji yeniliklərin tətbiqinə deyil, Azərbaycanın dövlət idarəçiliyinin gələcək modelinin formalaşdırılmasına xidmət edir. Bu yanaşma ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə mühüm töhfə verəcək”.

İradə Cəlil, Biizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »