Polşanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyində tarixi yaddaş məsələsi yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Varşava hesab edir ki, Kiyev Stepan Bandera kimi mübahisəli fiqurlarla bağlı siyasətini Aİ tərəfdaşlarının həssaslığını nəzərə alaraq formalaşdırmalıdır. Bu yanaşma göstərir ki, Ukraynanın Avropa inteqrasiyası təkcə siyasi və iqtisadi islahatlardan deyil, həm də tarixi mübahisələrin idarə olunmasından asılıdır.
- Tarixi yaddaşla bağlı fikir ayrılıqları Ukraynanın Avropa İttifaqına üzvlük prosesində real siyasi maneəyə çevrilə bilərmi?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Polşanın Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mövqeyi ilk baxışda mübahisəli görünsə də, əslində ölkə Ukraynanın üzvlüyünə qarşı çıxmır.
Onun sözlərinə görə, Avropa İttifaqının əsas aparıcı dövlətləri olan Fransa və Almaniya Ukraynanın üzvlüyünü dəstəkləyir. Polşa isə hesab edir ki, Ukrayna üzvlük prosesində müəyyən siyasi islahatlar aparmalı, Avropa standartlarına daha çox uyğunlaşmalıdır.
Politoloq bildirib ki, burada söhbət yalnız siyasi sahədən getmir. Ukraynada iqtisadi, hüquqi, mənəvi və mədəni baxımdan da Avropa dəyərlərinə uyğun yanaşmanın formalaşması vacibdir. Polşa da məhz bu istiqamətdə dəyişikliklərin edilməsini istəyir.
Samir Hümbətovun fikrincə, Polşanın mövqeyi Ukraynanın üzvlüyünə mane olmaq məqsədi daşımır. Sadəcə, Varşava bu dəyişikliklərin həyata keçirilməsinin həm Polşanı, həm də digər Avropa İttifaqı ölkələrini daha çox qane edəcəyini düşünür: “Bu baxımdan Polşa Ukraynanın üzvlüyünü dəstəkləsə də, öz prinsiplərinin və tələblərinin nəzərə alınmasını vacib sayır”.
İradə Cəlil,Bizimyol.info






