Avropanın təhlükəsizliyi əsasən ABŞ-dan, Rusiyadan, Böyük Britaniyadan və Türkiyədən asılıdır.
Bizimyol.info xəbər verir ki, bu fikri TASS agentliyinə müsahibəsində “Ankara Qlobal Məsləhətçi Qrupu”nun (Ankara Global Advisory Group) rəhbəri Hüseyn Bağcı bildirib.
“Bu gün Avropada təhlükəsizlik hələ də əsasən ABŞ, Böyük Britaniya və Rusiyadan asılıdır. Biz belə bir dövr yaşayırıq ki, bu dövrdə Rusiyanın və Türkiyənin Avropanın təhlükəsizliyi üçün strateji əhəmiyyəti yenidən qiymətləndirilir. Eyni zamanda ABŞ olmadan bu təhlükəsizlik demək olar ki, mümkünsüzdür. Yalnız Fransanın nüvə potensialı bunun üçün kifayət etmir və vahid Avropa nüvə qoruyuculuğu mövcud deyil”, — deyə beynəlxalq təhlükəsizlik məsələləri üzrə aparıcı türk eksperti bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının hazırkı statusunda hərbi alyans kimi formalaşması çətin olacaq. “O, 2000-ci illərin əvvəllərində belə bir transformasiyanı həyata keçirməyə çalışdı, o zaman Böyük Britaniya hələ AB-də idi, amma nəticə əldə edə bilmədi”, — deyə ekspert əlavə edib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin “Avropa Rusiyanın, Türkiyənin və ya Çinin təsiri altında olmamalıdır” deyə söylədiyi son açıqlamasını şərh edən Bağcı bildirib ki, bu cür bəyanatlar göstərir ki, Aİ hələ öz təhlükəsizlik strategiyasını formalaşdırmalıdır. “Türkiyənin Avropa ilə təhlükəsizlik sahəsində münasibətlərinin və NATO çərçivəsində rolunun təhlili göstərir ki, Türkiyə Avropa İttifaqı üçün təhlükəsizlik istehlakçısı deyil, təminatçısıdır. Digər ifadələr isə Aİ-nin təhlükəsizlik məsələlərində ardıcıl strategiya formalaşdırmalı olduğunu göstərir”, — deyə Bağcı vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ötən bazar ertəsi Ankaranın Aİ ilə münasibətlərini şərh edərək bildirib ki, “bu gün Avropanın Türkiyəyə ehtiyacı, Türkiyənin Avropaya ehtiyacından daha çoxdur”.
Qadir, Bizimyol.info






