Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqton–Bakı xəttində yaxınlaşma sürətlənir
Vaşinqton–Bakı xəttində yaxınlaşma sürətlənir

ABŞ və Azərbaycan arasında Strateji Əməkdaşlıq Xartiyasının imzalanmasından sonra münasibətlərdə müsbət dinamika müşahidə olunduğu bildirilir və əməkdaşlıq artıq konkret layihələr üzərində davam edir.

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlonun açıqlamaları, eləcə də onun Ağdam və Füzuliyə səfəri bu əlaqələrin genişləndiyini göstərən praktiki addımlar kimi qiymətləndirilir. Xartiya çərçivəsində nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və bərpa istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi diqqət mərkəzindədir. Bununla belə, əlaqələrin inkişafına baxmayaraq, ABŞ tərəfindən Azərbaycana hələ də daimi səfirin təyin edilməməsi müəyyən suallar doğurur.

  • Münasibətlər inkişaf etdiyi halda Vaşinqtonun Bakıya yeni səfir təyin etməməsi hansı siyasi və ya diplomatik səbəblərlə bağlı ola bilər?

Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə, xüsusilə də Donald Trampın ABŞ-da yenidən hakimiyyətə qayıdaraq ötən ilin əvvəlindən vəzifəsinin icrasına başlamasından sonra Azərbaycanla ABŞ arasında münasibətlərdə ciddi yaxınlaşma və inkişaf müşahidə olunur.

“Təbii ki, bu, qarşılıqlı maraqlar çərçivəsində, eyni zamanda bərabərhüquqlu əməkdaşlıq müstəvisində qurulan münasibətlərdir. Nəzərə alaq ki, biz 2025-ci ilin avqustun 8-də Azərbaycan Prezidentinin ABŞ-a səfərinin şahidi olduq. Orada Azərbaycan Prezidentinin ABŞ Prezidenti tərəfindən qarşılanması, onun ünvanına Azərbaycan dövləti və xalqı ilə bağlı səsləndirilən fikirlər ABŞ–Azərbaycan dostluğundan və liderlər arasında şəxsi münasibətlərdən xəbər verir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp açıq şəkildə Azərbaycanla münasibətlərdə maraqlı olduqlarını büruzə verdi. Bu isə təbii və gözlənilən idi. Eyni zamanda, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin inkişafı ilə bağlı gözləntiləri daha da artırdı. Bu sənəd faktiki olaraq yeni mərhələnin əsasını qoydu.

Bundan əlavə, nəzərə alaq ki, 907 saylı düzəliş mövcuddur və bu bədnam düzəlişin aradan qaldırılması ilə bağlı ABŞ-ın mövqeyində müəyyən dəyişikliklərin şahidi olduq. Artıq bununla bağlı prosedurlara başlanılması da diqqət çəkən məqamlardandır. Təbii ki, ümumilikdə münasibətlər normal və müsbət inkişaf edir. Onu da qeyd edək ki, ABŞ-ın vitse-prezidenti C.D. Vens bu ilin fevral ayında Azərbaycana səfər edib və məhz bu səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb”, – deyə politoloq bildirib.

Xəyal Bəşirovun sözlərinə görə, bu sənəd müxtəlif istiqamətləri – iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat, logistika və digər sahələri əhatə edir və bu, öz növbəsində ciddi və uzunmüddətli prosesləri zəruri edir. O vurğulayıb ki, belə genişmiqyaslı əməkdaşlıq mərhələsi müəyyən zaman tələb edir və nəticələrin qısa müddətdə deyil, mərhələli şəkildə özünü göstərəcəyi gözləniləndir.

Politoloq hesab edir ki, yaxın zamanda mövcud problemlər də öz həllini tapacaq və ABŞ tərəfindən Azərbaycana səfirin təyin olunması məsələsi də gündəmdən çıxacaq. Onun fikrincə, münasibətlər o qədər müxtəlif istiqamətlər üzrə inkişaf edir və gözləntilər o qədər yüksəkdir ki, bu proseslərin koordinasiyası üçün səfirin olması zəruri amilə çevrilir.

“Münasibətlərin bu səviyyədə inkişaf etdiyi bir şəraitdə ABŞ-ın Azərbaycandakı fəaliyyətinin daha effektiv təşkili üçün səfir institutu vacibdir. Bu, artıq qaçılmaz zərurətdir. Hər bir halda bu, ABŞ tərəfinin atacağı addımdır və onların səlahiyyətində olan məsələdir. Biz ümid edirik ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq və səfirin təyin olunması həm yeni münasibətlərin inkişafına, həm də Strateji Tərəfdaşlıq Xartiyasının tələblərinin həyata keçirilməsinə müsbət təsir göstərəcək”, – deyə Xəyal Bəşirov fikrini tamamlayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »