Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabunçu rayonunda nələr baş verir: icra başçısına etiraz edən əlil özünə xəsarət yetirib, başqa bir ünvanda sakinlər ev tələb edir
Sabunçu rayonunda nələr baş verir: icra başçısına etiraz edən əlil özünə xəsarət yetirib, başqa bir ünvanda sakinlər ev tələb edir

Sabunçu rayonu ərazisində yaşayan sakinlər müxtəlif problemlərdən şikayətçidir. Onların arasında evləri yağış suları altında qalanlardan tutmuş, evləri başlarına uçurulanlara qədər müxtəlif vətəndaşlar var.

Bizimyol.info xəbər verir ki, bugünlərdə I qrup gözdən əlil Sabunçu Rayon İcra Hakimiyyəti başçısının onu qəbul etməməsinə etiraz olaraq, özünə xəsarət yetirib. Bundan başqa, Sabunçu rayonu, Asif Əsədullayev küçəsi 27 ünvanında yaşayan sakinlər bərbad vəziyyətdə yaşamaq məcburiyyətində qaldıqlarını bildirirlər. Onlar düşdükləri duruma görə Sabunçu Rayon İcra Hakimiyyətini ittiham edirlər. Deyirlər ki, yaşadıqları bina qəsdən yararsız hala salınıb, məqsəd də onları köçməyə məcbur etməkdir.

Şikayətçilərdən Rasim Orucovun sözlərinə görə, yaşadıqları binanın qəzalı olması barədə rəy alınaraq, sakinlərin köçürülməsinə qərar verilib. Lakin onlara sərfəli şərtlər təklif olunmayıb. Bu səbəbdən 7 ildir ki, icra hakimiyyətilə aralarında məhkəmə çəkişmələri davam edir: “Sakinlərin bir hissəsi məcbur olub, köçüb. Qalanları da köçməyə məcbur eləmək üçün binanı yararsız vəziyyətə salıblar. Dam örtüyünü söküblər. Elə ediblər ki, burada yaşamaq mümkünsüz olsun. Bina faktiki dağılmaq təhlükəsi altındadır. Yağış yağanda mənzilə tökülür”.

Şikayətçi hesab edir ki, yaranmış vəziyyətə görə Sabunçşu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi ittiham edir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin də bu söküntü üçün sərəncam verdiyini bildirir: “Məhkəmələrdə də sübut etmişik ki, icra hakimiyyətinin belə səlahiyyəti yoxdur. Bizə yaşamaq üçün təklif etdikləri yer zirzəmidir. İllərdir müxtəlif qurumlara şikayət edirik, ərizələrimizi Sabunçu Rayon İcra Hakimiyyətinə göndərirlər. İstədiyimiz budur ki, illərdir davam edən acınacaqlı vəziyyətə son qoyulsun, binamız bərpa olunsun, normal yaşayışımız təmin olunsun”.

Özünə qəsd edən I qrup əlilə gəlincə, Türkanə Hüseynova deyir ki, onun evini söküblər. Onun sözlərinə görə, evinin sökülməsinə etiraz edən həyat yoldaşı icra hakimiyyətinin işçiləri tərəfindən döyülüb, həmçinin özünə də zor tətbiq olunub. O, evinin tikilməsi üçün rəsmi icazə sənədi olmadığını təsdiqləyir. Lakin onu da qeyd edir ki, ətrafda yaşayış olan evlərin və obyektlərin əksəriyyətinin çıxarışı, rəsmi icazə sənədi yoxdur: “Onların hamısının tikintisinə məhz Adil Vəliyevin dövründə göz yumulub. Niyə göz yumulub, hamımız bilirik”.

Hətta qanunsuz tikili olsa belə, məhkəmə qərarı olmadan icra hakimiyyətinin əməkdaşlarının onu sökməyə ixtiyarı yoxdur. I qrup əlil Türkanə Hüseynova bildirir ki, icra başçısı Adil Vəliyevə görə ona həm maddi ziyan dəyib, həm də özünə xəsarət yetirməklə sağlamlığına ziyan dəyib.

Sabunçu rayonu ərazisində vətəndaşların şikayətləri ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. İcra başçısının müavini, qurumun Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva ilə əlaqə saxladıq. Telefona cavab verən xanım onun köməkçisi olduğunu bildirdi.

Özümüzü təqdim edərək, Bizimyol.info xəbər portalından əlaqə saxladığımızı və konkret hansı şikayətlərlə əlaqədar suallarımız olduğunu çatdırdıq. Bizə İcra başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudovla əlaqə saxlamağı məsləhət gördü. Müslüm Mahmudova edilən çoxsaylı zənglər isə nəticə vermədi. Çünki onun iş otağındakı telefon faks aparatına qoşulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »