İranda yüksək rəhbərlikdə ciddi kadr böhranı yaranıb. Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqer Qalibaf Xarici İşlər naziri Abbas Əraqçini istefaya göndərməyi nəzərdən keçirirlər.
Bizimyol.info xəbər verir ki, Əraqçinin hərbi strukturlara həddindən artıq bağlılığı ilə dövlət maraqlarını zədələməsi əsas səbəb kimi göstərilir.
Əsas narazılıq Əraqçinin müstəqil diplomat kimi hərəkət etməməsi ilə bağlıdır. Məlumata görə, Prezident Məsud Pezeşkian və sədri Qalibaf hesab edirlər ki, nazir hökumət üzvü kimi deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirinə köməkçi kimi fəaliyyət göstərir. Əraqçi addımlarını birbaşa hərbi dairələrlə koordinasiya edir və tez-tez prezidentin məlumatı və nəzarəti olmadan hərəkət edir.
Vəziyyət o qədər gərginləşib ki, Prezident Məsud Pezeşkian yaxın çevrəsində bildirib ki, bu iş üslubu davam edərsə, Əraqçi vəzifəsindən uzaqlaşdırıla bilər. Bu gərginlik prezident ilə hərbi blok rəhbərliyi arasında dərin fikir ayrılıqlarının ortaya çıxmasından bir ay sonra özünü göstərib. İranda rəhbərlikdəki daxili parçalanma artıq beynəlxalq müstəviyə də təsir edib. Dəyişikliklər ABŞ-la İranda aparılan danışıqların uğursuzluqla nəticələnməsinə səbəb olub – İran nümayəndələrinin 12 aprel tarixində görüşləri erkən tərk etməsi bu çatışmazlığın göstəricisidir.
Məlumatlı mənbələr bildiriblər ki, Əraqçi cümə günü keçirilən müzakirələrdə “Müqavimət oxu”, xüsusilə "Hizbolla" qrupuna maliyyə və hərbi dəstəyin azaldılması və ya tam dayandırılması məsələsində müəyyən çeviklik nümayiş etdirib. Bu mövqe isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və keçmiş yüksək rütbəli İİKK komandiri Məhəmməd Baqer Zolqadr tərəfindən kəskin etirazla qarşılanıb.
Nəticədə, Tehran tərəfinin koordinasiyasızlığı ABŞ tərəfi üçün də aydın olub. ABŞ vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində bildirib ki, İran nümayəndə heyəti heç bir razılaşma əldə edə bilməyib və hər addım üçün Tehran rəhbərliyindən təsdiq almalı idi.
Bizimyol.info






