Benjamin Netanyahu İsraildə ona qarşı aparılan korrupsiya işi çərçivəsində keçirilən çarpaz dindirilmənin müddətinin 3 saat azaldılması üçün müraciət edib.
Bizimyol.info xəbər verir ki, müvafiq vəsatəti Baş nazirin vəkili Amit Hadad Qüds Dairə Məhkəməsinə təqdim edib.
Məlumata görə, müdafiə tərəfi müraciətində “təhlükəsizliklə bağlı gecikmələri” və Baş nazirin iş qrafikinə təsir edən xüsusi halları əsas gətirib. Bu səbəbdən məhkəmədən Netanyahuya planlaşdırılan ifadəvermə müddətinin azaldılması xahiş olunur.
Dünən iki aydan çox fasilədən sonra Baş nazirin ilk dindirilməsi baş tutub. Məhkəmə prosesindəki fasilə regional gərginliyin artması ilə, o cümlədən İranla ABŞ-İsrail gərginliyi və şimal sərhədində “Hizbullah”la döyüşlərin yenidən başlaması ilə əlaqələndirilib.
Netanyahuya qarşı iş İsrail tarixində ən çox diqqət çəkən siyasi proseslərdən biri hesab olunur. Baş nazir bütün ittihamları rədd edir və istintaqın siyasi motivli olduğunu bildirir.
Məhkəmənin müdafiə tərəfinin müraciətinə yaxın vaxtlarda baxacağı və gələcək dinləmələrin formatı barədə qərar verəcəyi gözlənilir.
Bizimyol.info






