Böyük Britaniya Kommunalar Palatası baş nazir Kir Starmerin ABŞ-a səfir təyin etdiyi Piter Mendelsonla bağlı parlament istintaqının başlanması təşəbbüsünü dəstəkləməyib. Mendelsonun seksual cinayətkar Ceffri Epsteinlə əlaqələrdə ittiham olunduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, "Sky News"un məlumatına görə, təklif əksəriyyət səsilə rədd edilib: 335 deputat əleyhinə, 223 nəfər isə təşəbbüsü dəstəkləyib. 92 deputat isə bitərəf qalıb, bunlara spiker və iclasda iştirak etməyən üzvlər daxildir.
Səsvermə demək olar ki, beş saat davam edən müzakirələrdən sonra baş tutub. Təşəbbüs, Starmerin Mendelsonun təyin olunması zamanı “tam prosedura qaydalarına” riayət edildiyini və namizədin yoxlanması zamanı təzyiq olmadığını bildirib parlamenti çaşdırmış ola biləcəyi iddialarına əsaslanıb.
Qalmaqal Mendelsonun təyinatdan əvvəl təhlükəsizlik yoxlamasından keçməməsi və Böyük Britaniya Xarici İşlər Nazirliyinin bunu hökumətə bildirməməsi barədə xəbərlərdən sonra güclənib.
Əlavə narahatlıq yaradan məqam, sabiq xarici işlər nazirinin müavini Oli Robbinsin yoxlama prosesinin Starmer ofisi tərəfindən “davamlı təzyiq” altında aparıldığını və təyinatın sürətləndirilməyə çalışıldığını bildirməsi olub.
Əvvəlki xəbərlərdə isə ABŞ Ədliyyə Nazirliyinin yayımladığı Ceffri Epstein işi ilə bağlı yeni materialların Mendelsonun Böyük Britaniya hökumətinin məxfi məlumatlarını Epsteinə ötürmə ehtimalını ehtiva etdiyi qeyd olunub.
Bizimyol.info






