İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də bu siyasətə beynəlxalq müstəvidə verilən yüksək qiymətdir.
Dövlət başçısının “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində vurğuladığı kimi, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar Rəhimzadə danışıb. Deputat qeyd edib ki, bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrindən biridir. Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduqda sülh əldə etmək mümkündür.
Deputat vurğulayıb ki, bu mükafat Azərbaycanın son illərdə irəli sürdüyü sülh gündəliyinin beynəlxalq platformalarda diqqətlə izlənildiyini və qəbul olunduğunu təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstək diqqətdən kənarda qalmır. Azərbaycan dünyaya sülhə nail olmağın yolunu, təcrübəsini təqdim edib.
İlham Əliyev bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı”na da layiq görülüb. Dövlət başçısı Əbu-Dabi şəhərində keçirilən mərasimdə çıxışı zamanı bildirib ki, Azərbaycanın nümunəsi öyrənilməli və müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi kimi istifadə edilməlidir.
Vüqar Rəhimzadə qeyd edib ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdə güclü siyasi iradə olduqda və proses beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndikdə sülhə nail olmaq olar.
Vüqar Rəhimzadənin fikrincə, bütün bunlar Prezident İlham Əliyevnin həyata keçirdiyi siyasətin və münaqişədən sülhə keçid modelinin beynəlxalq miqyasda qəbul olunmasının göstəricisidir.
İradə Cəlil, Bizimyol.info






