İlham Əliyev Azərbaycan–Ermənistan münasibətlərində sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ilə bağlı Gernika-Lumo Şəhər Şurasına, Pforzheim Şəhər Şurasına və digər təşkilatlara minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, Gernika faciəsinin yaddaşını yaşadan və sülhə töhfə verənləri tanıdan bu mükafatın təqdim olunması böyük şərəfdir. O, mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunmasının xüsusi rəmzi məna daşıdığını vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və sülhə verdiyi töhfələrin bariz göstəricisidir.
“Gernika Sülh və Barışıq Mükafatı beynəlxalq səviyyədə sülhün təşviqi, münaqişələrin dialoq yolu ilə həlli və xalqlar arasında barışığın gücləndirilməsi istiqamətində xidmətləri olan şəxslərə və qurumlara təqdim edilən nüfuzlu mükafatlardan biridir. Gernika Sülh və Barışıq Mükafatı yalnız bir təltif deyil, həm də beynəlxalq ictimaiyyətin sülhə xidmət edən fəaliyyətlərə verdiyi mənəvi və siyasi qiymətdir.
Bu mükafatın mahiyyətində duran əsas dəyərlər — sülh, dialoq və barışıq — Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətdə öz aydın əksini tapır. Xüsusilə, 30 ilə yaxın davam edən Azərbaycan–Ermənistan münaqişəsinin başa çatması regionda yeni reallıqlar yaradıb. Bu münaqişənin sona çatması ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, eyni zamanda regionda davamlı sülh üçün yeni imkanlar formalaşdırıb”, – deyə deputat bildirib.
Azər Badamov qeyd edib ki, bu gün Azərbaycan qalib dövlət kimi revanşizm deyil, sülh gündəliyi ilə çıxış edir. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda və qarşılıqlı etimadın qurulmasındadır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh müqaviləsi çağırışları, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində atılan addımlar regionun sabitliyinə xidmət edir.
Deputat Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu xüsusi olaraq qeyd edərək bildirib ki, Qəbələdə Volodimir Zelenski tərəfindən Azərbaycanın Rusiya–Ukrayna müharibəsi kontekstində mümkün sülh danışıqları üçün platforma kimi qiymətləndirilməsi ölkəmizin etibarlı tərəfdaş və dialoq məkanı kimi qəbul edildiyini göstərir. Bu, Azərbaycanın balanslı və prinsipial xarici siyasətinin nəticəsidir.
“Azərbaycan bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada sabitliyin və təhlükəsizliyin təmininə töhfə verən mühüm aktora çevrilib. Multikultural dəyərlərin qorunması, müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkəmizin sülhə xidmət edən siyasətinin əsas istiqamətləridir.
Gernika mükafatının İlham Əliyevə təqdim edilməsi bu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Bu, Azərbaycanın gələcəkdə də sülh, sabitlik və əməkdaşlıq naminə fəaliyyətini davam etdirəcəyinə olan inamın ifadəsidir”, – deyə Azər Badamov əlavə edib.
İradə Cəlil, Bizimyol.info






