Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Moskva və Kiyevdən Bakıya mesajlar: yeni diplomatik reallıq
Rəsmi Moskva və Kiyevdən Bakıya mesajlar: yeni diplomatik reallıq

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov bildirib ki, Azərbaycan “normal yerdir” və Moskva ilə Bakı arasında yaxşı münasibətlər var: “Əgər Azərbaycan bütün iştirakçıların təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər. Bu halda Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər”. Bundan əvvəl Volodimir Zelenski bu gün Qəbələdə İlham Əliyev ilə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycandə keçirilməsini təklif edib.

  • Bu proses Azərbaycanı real vasitəçi platformaya çevirə bilərmi?

Milli Məclisin deputatı Razi Nurullayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ ətrafında səslənən fikirlər Azərbaycanın artan diplomatik çəkisinin və regional etimad kapitalının göstəricisidir.

“Həm Vladimir Cabarov tərəfindən verilən açıqlama, həm də Volodimir Zelenski tərəfindən irəli sürülən təşəbbüs göstərir ki, Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi müstəvidə etibarlı tərəfdaş və potensial dialoq platforması kimi qəbul olunur”, – deyə deputat bildirib.

Razi Nurullayev hesab edir ki, Azərbaycanın bu cür danışıqlar üçün məkan kimi təklif edilməsi təsadüfi deyil. Ölkə son illərdə balanslı və praqmatik xarici siyasət yürüdərək həm Qərb, həm Rusiya, həm də region ölkələri ilə işlək münasibətlər qurmağı bacarıb. Məhz bu balans Azərbaycanı emosional deyil, rasional və nəticəyönümlü diplomatiya aparan aktor kimi fərqləndirir və bu da vasitəçilik üçün əsas şərtlərdən biridir.

Deputatın fikrincə, vasitəçi olmaq təkcə coğrafi məkan təqdim etmək deyil. Bu, ciddi siyasi iradə, neytrallıq, etimad və təhlükəsizlik təminatları tələb edən mürəkkəb prosesdir. Azərbaycan müəyyən platformalar təqdim etmək təcrübəsinə malikdir və beynəlxalq tədbirlərin təşkili baxımından özünü dəfələrlə sübut edib. Lakin Rusiya–Ukrayna münaqişəsi kimi həssas və çoxqatlı bir məsələdə real vasitəçi roluna yüksəlmək üçün tərəflərin açıq və davamlı etimadı həlledici amildir.

“Əgər tərəflər doğrudan da Bakını və ya Azərbaycanın digər şəhərlərini neytral və təhlükəsiz məkan kimi qəbul edərlərsə, bu, ölkəmiz üçün həm siyasi, həm də imic baxımından mühüm dividentlər vəd edir. Bununla yanaşı, Azərbaycan bu prosesdə maksimum ehtiyatlı davranmalı, balanslı mövqeyini qorumalı və heç bir tərəfin maraqlarının aləti kimi görünməməlidir”, – deyə deputat qeyd edib.

Razi Nurullayev vurğulayıb ki, belə bir imkan yaranarsa, bu, Azərbaycanın diplomatik potensialının tanınması deməkdir. Amma real vasitəçiyə çevrilmək prosesin gedişindən, tərəflərin iradəsindən və ən əsası qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »