2026-cı il aprelin 25-də Qəbələ şəhərində keçirilən yüksək səviyyəli görüş Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. İlham Əliyev ilə Volodimir Zelenski arasında baş tutan təkbətək və geniş tərkibli görüşlər siyasi dialoqun intensivləşdiyini, strateji əməkdaşlığın daha da dərinləşdiyini açıq şəkildə göstərir.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər tarixi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normalarına hörmət kimi ortaq dəyərlər üzərində əməkdaşlıq qurub. Bu baxımdan Qəbələ görüşü sadəcə diplomatik protokol hadisəsi deyil, dəyişən geosiyasi şəraitdə yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Politoloqun fikrincə, prezidentlərin təkbətək görüşündə əsas diqqət siyasi münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlib. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu prinsipial mövqe həm regionda, həm də qlobal siyasətdə qarşılıqlı etimadı gücləndirən əsas amillərdən biri kimi çıxış edir: “Geniş tərkibli görüşdə hökumət nümayəndələrinin iştirakı ilə konkret əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, eyni zamanda institusional və praktiki sahələrdə də inkişaf etdiyini göstərir”.
Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələrin genişləndirilməsi Qəbələ görüşünün əsas mövzularından biri olub. Xüsusilə enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları və nəqliyyat imkanları Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər.
Bununla yanaşı, nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye və investisiya sahələrində əməkdaşlıq potensialı da yüksək qiymətləndirilir. Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq perspektivləri iki ölkəni daha sıx iqtisadi tərəfdaşlara çevirə bilər.
Politoloq vurğulayıb ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar əməkdaşlıq, təhsil, mədəniyyət və diaspor əlaqələri də xüsusi önəm daşıyır. Ukraynada yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan ukraynalılar xalqlar arasında körpü rolunu oynayır.
Nicat İsmayılov qeyd edib ki, Qəbələ görüşü çərçivəsində bu sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub və bu, münasibətlərin uzunmüddətli, dayanıqlı inkişafına xidmət edir.
Mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan və Ukrayna kimi ölkələrin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hər iki dövlət regional sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf məsələlərində ortaq maraqlara malikdir. Bu baxımdan liderlərin görüşü yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş geosiyasi kontekst üçün də mühüm mesajlar verir.
“Qəbələdə keçirilən Azərbaycan–Ukrayna yüksək səviyyəli görüşü iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Cənab İlham Əliyev və Volodimir Zelenski tərəfindən ortaya qoyulan siyasi iradə əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Bu görüş həm strateji tərəfdaşlığın möhkəmləndirilməsi, həm də regional və qlobal çağırışlara birgə cavab verilməsi baxımından mühüm addım kimi tarixə düşür. Azərbaycan–Ukrayna münasibətlərinin gələcək inkişafı isə bu dialoqun davamlı və sistemli şəkildə aparılmasından asılı olacaq”, – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






