ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff və iş adamı Cared Kuşner-in İrana dair danışıqlar aparmaq üçün Pakistana planlaşdırılan səfərini ləğv edib.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə "Fox News"a açıqlamada bildirib.
Telekanal əməkdaşı “X” platformasında yazıb ki, Tramp telefon danışığı zamanı səfəri təkbaşına ləğv etdiyini deyib.
“Mən bir müddət əvvəl komandama dedim: “Xeyr, 18 saatlıq uçuş edib ora getməyəcəksiniz. Bütün üstünlük bizdədir. Onlar istədikləri vaxt bizə zəng edə bilərlər. Amma siz artıq heç bir nəticəsi olmayan danışıqlar üçün 18 saatlıq uçuşlar etməyəcəksiniz””, - deyə ABŞ lideri qeyd edib.
Daha əvvəl "Axios" mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətlərinin 27 apreldə İslamabadda görüşəcəyi barədə məlumat yaymışdı. Ağ Evin mətbuat katibi Karolayn Livitt isə Vitkoff və Kuşnerin 25 apreldə Pakistana gedərək İran tərəfinin mövqeyini dinləyəcəyini bildirmişdi.
Lakin İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai Tehranın ABŞ nümayəndələri ilə görüş planlaşdırmadığını açıqlayıb. O, İran xarici işlər naziri Abbas Əraqçinin səfər çərçivəsində yalnız Pakistan rəsmiləri ilə görüşdüyünü vurğulayıb. "Al Hadath" isə Əraqçinin Pakistan rəsmiləri ilə danışıqlardan sonra İslamabaddan ayrıldığını bildirib.
Bizimyol.info






