Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
23 aprel İspan dili günü: TikTok qısa, dinamik və praktik videolar vasitəsilə dil öyrənmə prosesini daha əlçatan və effektiv hala gətirib
23 aprel İspan dili günü: TikTok qısa, dinamik və praktik videolar vasitəsilə dil öyrənmə prosesini daha əlçatan və effektiv hala gətirib

Rəqəmsal dövrdə dil öyrənmək artıq yalnız ənənəvi dərsliklər və klassik kurslarla məhdudlaşmır. Xüsusilə TikTok kimi platformalar qısa, dinamik və praktik videolar vasitəsilə dil öyrənmə prosesini daha əlçatan və effektiv hala gətirib. İstifadəçilər bu platformada həm gündəlik danışıq ifadələrini öyrənir, həm də özlərinə uyğun müəllim taparaq tədris prosesinə daha rahat qoşula bilirlər. Bu baxımdan TikTok, müasir dövrdə həm öyrənənlər, həm də müəllimlər üçün yeni imkanlar yaradan güclü rəqəmsal alətə çevrilib.

Elə odur ki, 23 aprel – İspan dili günü olduğundan, bu dili öyrənmək istəyənlər üçün fərqli və maraqlı yanaşma təqdim edən gənc müəllimlə həmsöhbət olduq. O, TikTok-da yaratdığı faydalı və interaktiv kontentlərlə ispan dilini sadə və praktik formada təqdim edərək geniş auditoriyanın diqqətini cəlb etməyi bacarıb.

– Zəhmət olmasa, özünüzü təqdim edin və təhsiliniz, eləcə də peşəkar təcrübəniz haqqında məlumat verin.

Mən, Zeynəb Cəfərova, 21 yaşım var. Azərbaycan Dillər Universitetində ispan dili üzrə tərcümə ixtisası üzrə təhsil almışam. 2025-ci ildən etibarən isə ispan dili müəllimi kimi fəaliyyət göstərirəm. Əsas məqsədim dili yalnız nəzəri qaydalar çərçivəsində deyil, real həyatda istifadə oluna biləcək praktik formada öyrətməkdir. Düşünürəm ki, dil öyrənmək yalnız qrammatika deyil, eyni zamanda onu gündəlik həyatın bir hissəsinə çevirməkdir. Bu yanaşma ilə tələbələrimə daha effektiv nəticə qazandırmağa çalışıram.

– İspan dili müəllimi olmağa necə qərar verdiniz?

İspan dilinə marağım hələ məktəb illərindən başlayıb və zaman keçdikcə bu maraq daha da dərinləşdi. Universitetdə təhsil aldığım müddətdə isə bu sahənin mənim üçün sadəcə maraq deyil, gələcək peşəm olduğunu anladım. Bu dili öyrəndikcə paylaşmaq istəyim yarandı və başa düşdüm ki, bildiklərimi başqalarına ötürmək mənə daha böyük motivasiya verir. Sosial şəbəkələrdə bu istiqamətdə kontentin az olduğunu gördükdən sonra isə öz səhifəmi yaratmaq qərarına gəldim. Qısa zamanda isə bu addımın doğru seçim olduğunu gördüm.

– Sizi rəqəmsal platformalara yönəldən əsas səbəb nə oldu?

Başlanğıcda klassik tədris metodlarından istifadə edirdim – qrammatika izahı, yazılı tapşırıqlar və s. Lakin zamanla anladım ki, bu yanaşma hər kəs üçün eyni dərəcədə effektiv olmur. Xüsusilə danışıq yönümlü və vizual yanaşma tələbələrin dili daha tez mənimsəməsinə kömək edir. TikTok kimi platformalar isə bu imkanı maksimum dərəcədə genişləndirir. Burada həm daha böyük auditoriyaya çıxış əldə edirsən, həm də dərsləri daha maraqlı və yadda qalan formada təqdim edə bilirsən.

– TikTok-da fəaliyyətə başlamaq qərarını necə verdiniz?

Bu gün insanlar hər hansı məlumatı axtararkən ilk növbədə rəqəmsal platformalara müraciət edir. Mən də düşündüm ki, ispan dilini öyrənmək istəyənlər üçün faydalı və fərqli kontent təqdim edə bilərəm. TikTok-un qısa video formatı mənə mürəkkəb mövzuları daha sadə və anlaşılan formada izah etmək imkanı verdi. Eyni zamanda gündəlik həyatla bağlı nümunələr əlavə etməklə öyrənmə prosesini daha real və maraqlı etməyə çalışdım.

– İlk izləyici reaksiyaları sizin üçün necə oldu?

İlk vaxtlar videolar paylaşmaq mənim üçün həm həyəcanlı, həm də maraqlı idi. Lakin izləyicilərdən gələn müsbət reaksiyalar bu prosesi daha da motivasiyaedici etdi. İnsanların videolarımı izləyib öyrəndiklərini tətbiq etdiklərini görmək mənə böyük həvəs verdi. Xüsusilə gündəlik ifadələrə və məşhur kontentlərin tərcüməsinə maraq daha çox idi. İlk viral videom isə məşhur serialdan bir səhnəni ispan dilinə uyğunlaşdırdığım video oldu və bu, səhifəmin sürətli böyüməsinə səbəb oldu.

– TikTok-da dərs deməyin əsas üstünlükləri nələrdir?

TikTok mənə məlumatı daha qısa, konkret və effektiv şəkildə təqdim etməyi öyrətdi. Bu platforma həm də geniş auditoriyaya çıxış imkanı yaradır və müxtəlif yaş qruplarına eyni anda çatmağa şərait yaradır. Ən önəmlisi isə öyrənmə prosesini daha əyləncəli və maraqlı edir ki, bu da istifadəçilərin motivasiyasını artırır.

– Dərslərinizdə hansı yanaşmaya üstünlük verirsiniz?

Dərslərimdə fərdi yanaşma əsas prioritetdir. Hər tələbənin məqsədi fərqli olduğu üçün dərsləri də buna uyğun qururam. Əsas diqqəti gündəlik danışıq ifadələrinə, praktik nümunələrə və sadə qrammatik izahlara yönəldirəm. Məqsədim tələbələrin dili yalnız başa düşməsi deyil, onu sərbəst şəkildə istifadə edə bilməsidir. TikTok videolarımda da eyni prinsipi qoruyaraq izləyicilərə dərhal tətbiq edə biləcəkləri biliklər təqdim etməyə çalışıram.

– TikTok tədris prosesində nəyi dəyişib?

TikTok öyrənmə prosesini daha əlçatan və sürətli edib. İnsanlar artıq istənilən vaxt, istənilən yerdə qısa videolar vasitəsilə yeni bilik əldə edə bilirlər. Bu platforma müəllimlər üçün də yeni imkanlar açır – həm özünü tanıtmaq, həm də şəxsi brend formalaşdırmaq baxımından. Mənim üçün də TikTok karyeramda mühüm rol oynayıb və daha çox tələbə ilə işləmək imkanı yaradıb.

TikTok təhsili daha əlçatan və çevik hala gətirib. Artıq insanlar istənilən vaxt, istənilən məkanda qısa videolar vasitəsilə yeni biliklər əldə edə bilirlər. Bu platforma mənə də daha geniş auditoriyaya çatmaq, tədris metodlarımı inkişaf etdirmək və dərslərimi daha effektiv formada təqdim etmək imkanı yaradıb.

– İzləyicilərdən hansı reaksiyalar alırsınız və bu sizə necə təsir edir?

İzləyicilər əsasən dərslərin faydalı və anlaşılan olduğunu vurğulayırlar. Onların verdiyi suallar və rəy bildirişləri mənim üçün bir növ istiqamət rolunu oynayır. Bu geridönüşlər sayəsində hansı mövzuların daha çox maraq doğurduğunu anlayır və kontentimi daim bu ehtiyaclara uyğun şəkildə inkişaf etdirirəm. Bu da həm kontentin keyfiyyətini artırır, həm də izləyici ilə daha güclü əlaqə qurmağa imkan verir.

– TikTok fəaliyyətiniz şəxsi brendinizə necə təsir edib?

TikTok mənim müəllim kimi tanınmağımda mühüm rol oynayıb və şəxsi brendimin formalaşmasına ciddi töhfə verib. Bu platforma vasitəsilə yeni tələbələr qazanmışam və fəaliyyətimin daha geniş auditoriyaya çatmasını təmin etmişəm. Nəticədə, TikTok mənim peşəkar inkişafım üçün güclü bir alətə çevrilib.

– Gələcək planlarınız nələrdir?

Gələcəkdə daha sistemli və planlı dərs seriyaları hazırlamaq, öyrənmə yönümlü videoların sayını artırmaq və izləyicilərlə daha interaktiv kontent yaratmaq niyyətindəyəm. Eyni zamanda fəaliyyətimi genişləndirərək yalnız onlayn deyil, həm də əyani dərslər təşkil etməyi planlaşdırıram.

– Digər müəllimlərə hansı tövsiyələri verərdiniz?

Əgər müəllimlər özlərində bu istəyi və potensialı görürlərsə, doğru anı gözləmədən başlamalarını tövsiyə edərdim. Ən vacib məsələ səmimi və faydalı olmaqdır. “İnsanlar məni niyə izləsin?” sualı daha maraqlı və dəyərli kontent yaratmağa yönləndirir.

Eyni zamanda yalnız dərs yönümlü kontent bəzən monoton ola bilər. Gündəlik həyatla peşəni birləşdirən yanaşma izləyici ilə daha real və davamlı bağ qurmağa kömək edir. İnsanlara real dəyər təqdim edən kontent hər zaman qarşılığını verir.

Davamlı olmaq, öz üslubunu qorumaq və diqqəti yalnız öz inkişafına yönəltmək bu sahədə uğurun əsas şərtləridir. Bu yolda müxtəlif reaksiyalarla qarşılaşmaq mümkündür, lakin əsas olan fokusun itməməsidir. Müəllimlik daim öyrənmək deməkdir – bəzən çətin olsa da, əldə olunan nəticələr bu zəhmətin dəyərini göstərir və insanı daha da motivasiya edir.

Son xəbərlər
Bütün xəbərlər »