ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli, yaxınlaşan FIFA Dünya Kuboku 2026 turnirində İranın yerinə İtaliya milli futbol komandasının iştirak etməsi üçün FIFA-ya müraciət etdiyini iddia edib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, bu təşəbbüs Tramp ilə İtaliyanın Baş naziri Giorgia Meloni arasındakı münasibətləri yumşaltmaq cəhdi kimi qiymətləndirilir. Bildirilir ki, ABŞ-İran müharibəsi fonunda Trampın Papa XIV Leo ilə bağlı açıqlamaları iki lider arasında gərginliyə səbəb olmuşdu.
“Tramp və FIFA prezidenti Canni İnfantinoya Dünya Kubokunda İranın yerinə İtaliyanın daxil edilməsini təklif etdiyimi təsdiqləyirəm. Bir italyan olaraq "Azzurri"ni ABŞ-ın ev sahibliyi etdiyi turnirdə görmək mənim üçün bir xəyaldır. Dörd dəfə dünya çempionu olmuş bir komandanın iştirak etməsi üçün kifayət qədər əsas var”, - deyə “Financial Times”a danışan Zampolli bildirib.
İtaliya son illərdə ardıcıl olaraq böyük uğursuzluqlar yaşayıb və mart ayında keçirilən pley-off finalında Bosniya və Herseqovinaya penaltilərlə 4:1 uduzaraq üçüncü dəfə ardıcıl Dünya Kubokuna vəsiqə qazana bilməyib.
Zampollinin bu təklifi İtaliya ictimaiyyətində maraq doğursa da, FIFA-nın buna necə cavab verəcəyi hələlik məlum deyil.
Eyni zamanda xəbərdə qeyd olunur ki, İran çərşənbə günü açıqlama yayaraq turnirə hazır olduğunu və iştirak planını davam etdirdiyini bildirib. Tehran həmçinin əvvəllər bəzi oyunların ABŞ-dan Meksikaya köçürülməsi tələbi ilə bağlı FIFA-nın qərarını gözlədiyini açıqlamışdı.
Hazırda nə Ağ Ev, nə FIFA, nə İtaliya Futbol Federasiyası, nə də İran Futbol Federasiyası bu iddialarla bağlı rəsmi açıqlama verib.
Qadir, Bizimyol.info






