Almaniya və Fransa yeni nəsil "Future Combat Air System" (FCAS) qırıcı layihəsi ilə bağlı yekun qərarın qəbul olunma müddəti üzrə razılığa gələ bilməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, yekun qərar yaxın vaxtlarda dövlət başçıları tərəfindən qəbul edilməlidir. “Qərar dövlət başçılarının səlahiyyətindədir və mən gözləyirəm ki, gələcək addımlarla bağlı qərar bu həftə qəbul olunacaq”, - deyə o qeyd edib.
Eyni zamanda Fransanın müdafiə naziri Catherine Vautrin parlament dinləmələrində çıxış edərək qeyd edib ki, hər iki ölkənin vasitəçiləri mübahisəli məsələlərin müzakirəsi üçün əlavə vaxt istəyiblər.
Onun sözlərinə görə, nəticələr aprelin 18-də təqdim olunmalı idi, lakin tərəflər əlavə 10 gün vaxt istəyiblər.
Vautrin layihənin irəliləməsinə mane olan üç əsas problemi də vurğulayıb: intellektual mülkiyyət məsələləri, tərəfdaşlar arasında vəzifə bölgüsü və uçuş yararlılığının sertifikatlaşdırılması.
KİV-in məlumatına görə, FCAS ətrafında mübahisələr artıq uzun müddətdir davam edir. Fransa nüvə silahı daşıya bilən və aviadaşıyıcılardan istifadə imkanı olan təyyarələrdə maraqlıdır. Almaniya isə aviadaşıyıcılara malik olmadığı üçün NATO-nun nüvə çəkindirmə missiyaları çərçivəsində ABŞ istehsalı olan "F-35 Lightning II" qırıcılarını almağa artıq razılıq verib.
Paris və Berlin arasındakı fikir ayrılıqları 2025-ci ilin sonuna qədər aradan qaldırıla bilməyib. Fevral ayında Almaniya kansleri Fridrix Merz davam edən mübahisələr fonunda layihənin məqsədəuyğunluğunu açıq şəkildə şübhə altına alıb.
Bizimyol.info






