“Qarabağ” ölkə kubokunda mübarizəni dayandırdı. “Sabah”la səfər oyununda məğlubiyyət (1:2) cütün taleyinə aydınlıq gətirdi. İlk qarşılaşmada tərəflər heç-heçə oynadığından (2:2), Ağdam klubu finala vəsiqə qazana bilmədi. Bununla da həlledici oyunda “Zirə”nin rəqibi “Sabah” olacaq.
Bizimyol.info xəbər verir ki, Masazırdakı görüş böyük qalmaqalla başa çatıb. Son saniyələrdə “Sabah”ın qapısına penalti təyin olunmaması aləmi bir-birinə vurub. Rəvan Həmzəzadə “Qarabağ”a hesabı bərabərləşdirməyə imkan verməyib, dərhal qarşılaşmanı bitirib. Bundan sonra Ağdam klubunun futbolçuları referinin üzərinə şığıyıb. Əvvəlcə heç cür sakitləşə bilməyən Marko Yankoviçə qırmızı vərəqə göstərilib. Ətrafdakılar Musa Qurbanlının baş hakimdən uzaqlaşdırmasaydı, Qurban Qurbanovun oğlu da bu şəkildə cəzalandırılacaqdı. Eyni sözləri məşqçi Zaur Tağızadə haqqında da demək olar. “Qızıl oğlan”ın qəzəbi yerə-göyə sığmırdı.
Epizoda gəlincə, Rəvan Həmzəzadə Pedro Bikalyonun zərbəsindən sonra topun Velko Simiçin əlinə dəyməsini penalti kimi qiymətləndirmədi. Böyük ehtimalla referi futbolçular arasındakı məsafənin az olmasını nəzərə aldı. Hərçənd, orada Simiç Bikalyoya ən yaxın olan oyunçu deyildi. Fikrimizcə, penalti təyin etmək mümkün idi.
“Qarabağ” hələ birinci hissədə baş hakim qərarından narazı qalmışdı. 35-ci dəqiqədə Qapıçı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərilmişdi. İş orasındadır ki, həmin epizodda da “sarı” ilə kifayətlənmək olardı.
İndi heç nə “Qarabağ”ın əlində deyil. Daha dəqiqi, Avropa Liqasına vəsiqənin taleyinə ölkə kubokunun finalı aydınlıq gətirəcək. “Sabah” qalib gələrsə, Ağdam klubuna məqsədə çatmaq üçün çempionatda ikinci yer tutmaq kifayət edir. Yox, “Zirə” ölkə kubokunun sahibi olsa, məhz qəsəbə təmsilçisi Avropa Liqasına yollanacaq.
Aytən, Bizimyol.info






