Son illərdə məktəblərimizdən gələn xəbərlər artıq "dərslərdən qaçmaq" və ya "sadə uşaq dalaşmaları" çərçivəsindən çıxıb, kriminal xronikanın qanlı səhifələrinə çevrilməkdədir. Yasamal Rayon Məhkəməsinin 14 yaşlı yeniyetmə barəsində seçdiyi 2 aylıq həbs qətimkan tədbiri təkcə bir cinayətin hüquqi nəticəsi deyil, həm də təhsil və tərbiyə sistemimizdəki ciddi boşluqların acı diaqnozudur.
Düşünün ki, 9-cu sinif şagirdi. Cəmi 14-15 yaşlı bir uşaq sinif yoldaşının üzərinə spirt töküb, onu alışqanla yandıracaq qədər amansızlaşa bilir. Bu, anlıq bir qəzəb deyil. Bir insanın üzərinə yanacaq maddə töküb onu yandırmaq soyuqqanlılıq, qəddarlıq və ən dəhşətlisi, qarşı tərəfin acı çəkəcəyini əvvəlcədən dərk etmək deməkdir.
Bəs bu nifrət, bu "canilik" toxumu harda və necə cücərib? 286 nömrəli məktəbin dəhlizlərində bu gənc "insan yandırmağı" filmlərdənmi, yoxsa ətrafındakı laqeydlikdənmi öyrənib?
Bu hadisənin pərdəarxasında çox böyük ehtimalla bulinq və ya uzun müddət davam edən psixoloji gərginlik dayanır. Məktəblərdə psixoloqların işi sadəcə kağız üzərində "test keçirmək"dən ibarət olduqca, müəllimlər uşaqların davranışındakı kəskin dəyişiklikləri "keçid dövrüdür" deyib keçişdirdikcə, biz hələ çox alışqan səsi eşidəcəyik.
Bir uşaq məktəbə spirt və alışqan gətirirsə, bu artıq o deməkdir ki, o, məktəbi elm ocağı kimi deyil, "hesablaşma meydanı" kimi görür.
Məhkəmənin qərarı qanunidir. Cinayət törədilibsə, cəzası olmalıdır. Lakin 14 yaşlı uşağın həbsxanaya göndərilməsi problemi kökündən həll etmir. Biz uşaqları həbsxanalara doldurmaqla onları cəmiyyətə qazandırmırıq, bəlkə də daha peşəkar cinayətkarlar "yetişdiririk".
Bu hadisədə yanan təkcə bir yeniyetmənin bədəni deyil. Yanan bizim uşaqlara aşılaya bilmədiyimiz mərhəmət hissi, təhlükəsiz təhsil mühitimiz və "uşaqdır, düzələr" deyib arxayınlaşdığımız gələcəyimizdir.
Bu gün o məktəbli dəmir barmaqlıqlar arxasına gedir, digəri isə xəstəxanada yanıq ağrıları ilə mübarizə aparır. İtirilmiş iki həyat, sarsılmış iki ailə və dərin yara almış bir cəmiyyət... Əgər bu hadisə hamımız üçün ciddi bir dərs olmazsa, sabah başqa bir məktəbdə başqa bir "alışqan"ın səsi ilə oyanacağıq.
Leyla Mirzə, Bizimyol.info






