Ekspertlərin fikrincə, ABŞ-ın İran əleyhinə hərbi əməliyyat zamanı istifadə etdiyi raket ehtiyatlarını bərpa etməsi illərlə davam edə bilər.
Bizimyol.info xəbər verir ki, bu nəticəyə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin mütəxəssisləri gəliblər.
21 aprel tarixli hesabatda göstərilir ki, ABŞ İrana qarşı 39 günlük hücumlar zamanı böyük sayda "Tomahawk" və "JASSM" qanadlı raketlərindən, qısa mənzilli balistik raketlərdən (Precision Strike Missile – PrSM), çoxməqsədli "SM-6" raketlərindən, "SM-3" interceptordan, eləcə də "THAAD" və "Patriot" sistemlərinin raketlərindən istifadə edib. Analitiklərin qənaətinə görə, bu yeddi silahın ehtiyatlarının müharibədən əvvəlki səviyyəyə gətirilməsi 1-dən 4 ilədək vaxt tələb edəcək.
“Bu raketlər Sakit okeanın qərb hissəsində mümkün münaqişələr zamanı əsas rol oynayacaq. Hətta İranla müharibədən əvvəl belə, bu raketlərin ehtiyatları bərabər rəqiblərlə döyüş üçün yetərli hesab olunmurdu. İndi isə bu çatışmazlıq daha da kəskinləşib və ehtiyatların bərpası əlavə vaxt tələb edəcək”, - deyə hesabatda qeyd edilib.
Ekspertlər bildirirlər ki, mövcud ehtiyatlar İranla davam edən əməliyyatlar üçün kifayətdir, lakin “gələcək münaqişələr üçün risklər mövcuddur”. Eyni zamanda onlar qeyd edirlər ki, İranda "Patriot" və "THAAD" sistemlərinin, eləcə də "PrSM" döyüş sursatlarının aktiv istifadəsi “ABŞ-ın bu raketləri Ukraynaya və digər müttəfiqlərə çatdırmaq imkanlarını zəiflədir”.
Qadir, Bizimyol.info






